BAKI, 16 iyul — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet sertifikatı"nın kimlərə verilməli olduğuna aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində canlı yayımda çıxış edən baş infeksionist bildirib ki, koronavirusa yoluxub sağalmış şəxs 6 ayın tamamında Azərbaycanda istifadəsinə icazə verilən vaksini vurdurmaqla "İmmunitet sertifikatı"nı müddətsiz əldə edə bilər.
T.Eyvazov həmçinin bildirib ki, iki doza peyvənd vurduranlarda müəyyən müddət sonra antikor azala bilər. Onun sözlərinə görə, qanda antikorun qalma müddəti hər kəs üçün fərqli ola bilər: "Bəzilərində bu, altı ay və daha çox davam edə bilər. Hər şey insanın immun sistemindən asılıdır. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir.
Ona görə də onlar peyvənd olunduqdan sonra yaranmış immunitet daha zəif olur. 60 yaşdan yuxarı xroniki xəstəlikləri olan şəxslərdə immunuitet zəif olur. Buna görə də onlar təkrar yoluxduqları halda xəstəliyi ağır keçirə bilirlər. Bu səbəbdən də sözügedən kateqoriyaya aid olan şəxslər risk qrupuna daxildirlər. Onlara 3-cü buster dozanın vurulması tövsiyə olunur".
Baş infeksionist həmçinin qeyd edib ki, bu, məcburiyyət deyil, sadəcə həssas qruplara, o cümlədən tibb işçilərinə 3-cü buster dozanın vurulması bir tövsiyədir. Mütəxəssis onu da bildirib ki, buster dozada istənilən vaksin növündən istifadə edilə bilər. T.Eyvazovun sözlərinə görə, vaksinlərin hər biri effektivdir.