Əliyevin təşəbbüsü ilə yaradılan fondun protokolunu Qazaxıstan da təsdiqləyib

Sənəddə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 28 noyabr 2020-ci ildə İstanbulda imzalanan "Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokolu"nun təsdiq edilməsi və bu qərarın imzalandığı gündən qüvvəyə minməsi qeyd edilir.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Qazaxıstan hökuməti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, "Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol"un təsdiqlənməsi ilə bağlı sənəd Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin tərəfindən imzalanıb.

Sənəddə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun 28 noyabr 2020-ci ildə İstanbulda imzalanan "Üzv Dövlətlərin Fondun Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokolu"nun təsdiq edilməsi və bu qərarın imzalandığı gündən qüvvəyə minməsi qeyd edilir.

Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fondun maliyyələşdirilməsi ilə bağlı protokol Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən artıq təsdiqlənib.