BAKI, 17 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran rayonunun Haftoni ərazisində "Beta" şirkətinə icarəyə verilmiş meşə fondu torpaqları ilə bağlı müqaviləyə xitam verir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Meşələrin mühafizəsi və davamlı inkişafı" mövzusunda keçirilən debatda deyib. O, bildirib ki, Azərbaycanda olan meşələrin mühafizəsi hər zaman Ekologiya və təbii Sərvətlər Nazirliyinin əsas hədəfidir və bu istiamətdə mütəmadi işlər görülür.
Nazir müavini qeyd edib ki, meşələrin mühafizəsi ilə bağlı problemlər son zamanlar azalma istiqamətindədir: "Problem təbii ki, hər zaman müşahidə olunur".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, meşələrin qırılması faktı hər zaman olub: "Gələcəkdə belə hal olmayacaq zəmanətini kimsə verə bilməz. Maksimum dərəcədə çalışırıq ki, belə hallar olmasın. Son üç ilin statistikasına baxsaq meşə qırılma faktları 5 dəfəyə yaxın aşağı düşüb".
Nazirlik rəsmisi eyni zamanda Lənkəranda "Beta Tea" şirkətinə icarəyə verilən ərazilərdə meşələrin qırılması faktı ilə bağlı məsələyə də toxunub: "Ərazidə ağacların qırılması faktı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Dərhal həmin gün iş dayandırıldı, ziyan hesablandı, akt protokol tərtib edildi. Proses iyulun 22-də başa çatacaq. Həmin vaxt yekun qərar qəbul ediləcək. Müqavilənin icrasına xitam verilməsinə başlanılıb".
Qeyd edək ki, bir müddət öncə bir qrup ekoaktivist Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında aksiya keçirərək Haftoni meşələrində aqrobağların salınması məqsədilə ağacların qırılmasına etiraz edib. Onlar meşə torpaqlarının aqrobağlar üçün sahibkarlara icarəyə verilməsinin dayandırılmasını tələb ediblər. Ekoaktivistlərin iddiasına görə, aqrobağların salınması üçün icarəyə verilən meşə torpaqlarında ağaclar qırılır, meşə ekosistemi məhv edilir.
Xatırladaq ki, Lənkəran rayonunun Haftoni ərazisində "Beta" şirkətinə icarəyə verilmiş meşə fondu sahəsində ağacların kəsilməsi ilə bağlı məlumatların araşdırılması və müqavilə şərtlərinin icra vəziyyətinin yoxlanılması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırma Qrupunun ilkin yoxlamalar başa çatıb.
Aparılan araşdırmalar zamanı "Beta" şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə, yaş ağacların da kəsildiyi aşkar olunub.
Məlumat üçün qeyd edək ki, ekoaktivistlər Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə "Beta Tea Azerbaijan" şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməsini, meşəyə dəymiş ziyanın hesablanmasını və adekvat cəza tədbirlərinin görülməsini tələb edirdilər.
Bildirək ki, meşələrdə aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb. 2018-2021-ci illərdə 84 hüquqi və fiziki şəxsə meşə torpağı icarəyə verilib. Bu müqavilələr əsasında 9013 hektar ərazi icarəyə verilib. Bu illərdə 10 halda müqavilə tələbləri pozulduğu üçün 658 hektar meşə torpağının müqaviləsinə xitam verilib.
11.07.2021
ETSN-in Xidmət rəisi ekoaktivistlərə cavab verdi
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Lənkəranda, Haftoni meşəsində ekoaktivistlərlə görüşüb, onların suallarını cavablandırıb.
Son günlər Haftoni ərazisindəki meşə sahəsində ağacların kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirən xidmət rəsmisi deyib:
"Bu ərazidə şirkət tərəfindən müqavilə şərtləri pozulub, bu işdə günahı olanlar barəsində tədbirlər görülür".
Qeyd edək ki, aktivistlərin xidmət rəisi ilə Lənkəranda görüşü sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
Ekspertlərin fikrinə görə, qanunvericiliyə uyğun olaraq meşə fondu torpaqlarının icarəyə verilməsi müvafiq biznes planlar əsasında aparılır və Meşə fondu torpaqlarında meşə bağların salınması BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müvafiq təlimatlarına uyğundur. Beynəlxalq ekoloji təşkilatlar tərəfindən də dəstəklənir.
Xatırladaq ki, Beta” şirkətinin Lənkəranda meşə zolağında qanunsuz olaraq ağacları kəsməsi etirazla qarşılanıb.
Ekologiya və Təbii Sərvələr Nazirliyi yoxlamanın ilkin nəticəsini açıqlayaraq şirkətin müqavilədən kənara çıxdığını bildirib və cərimələrin tətbiq ediləcəyini qeyd edib.
Bir neçə gün öncə bir qrup ekoaktivist Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında aksiya keçirərək meşələrdə aqrobağların salınmasına etiraz edib. Onlar meşə torpaqlarının aqrobağlar üçün sahibkarlara icarəyə verilməsinin dayandırılmasını tələb ediblər. Ekoaktivistlərin iddiasına görə, aqrobağların salınması üçün icarəyə verilən meşə torpaqlarında ağaclar qırılır, meşə ekosistemi məhv edilir.
Həmçinin oxuyun:
* Meşələrdə aqrobağlar salınsın, ya yox - Haftoni meşələrində nə baş verir?