VİDEO

Peyğəmbərin axtardığı o sirli dağ Azərbaycandadır

Turizm destinasiyası kimi, ənənəvi dini ritualları yerinə yetirmək baxımından, o cümlədən Xəzər dənizinin möhtəşəm mənzərələrinə tamaşa etmək üçün bu dağı ziyarət etməyə dəyər. Ətraflı Sputnik Azərbaycan-nın videosunda.
Sputnik

Əfsanəyə görə, “dirilik suyu” axtarışında olan Xıdır peyğəmbər Beşbarmaq dağının zirvəsindəki bulaqdan su içir və ölməzlik qazanır. Bu gün insanlar həmin sirli dağa gəlib dualar edirlər. Magistral yoldan pirə qədər olan torpaq yol çox çətindir. Yağış, qar yağdıqda dağa qalxmaq müşkül olur. Hələ isti havada dağa qalxdıqca yarı yolda dayanmış avtomobillərə rast gəlmək mümkündür.

Həftənin şənbə-bazar və bayram günləri insan əlindən tərpənmək olmur. Pirin bir hissəsi var ki, rəvayətə görə, orada Xıdır peyğəmbər qılıncı ilə dağı yarıb və ancaq cümə günləri buradan göz yaşı kimi su axdığını görmək mümkündür.

Pirdə hər addımda dua səsləri eşitmək mümkündür. Beşbarmağa Azərbaycanın bütün rayonlarından gəlirlər. Amma ən çox üz tutanlar paytaxt sakinləridir.

Bu məkan həm də uşaqlar üçün çox maraqlıdır. Onlar burada ata minir, cürbəcür oyunlar oynayırlar.

Turizm destinasiyası kimi, ənənəvi dini ritualları yerinə yetirmək baxımından, o cümlədən Xəzər dənizinin möhtəşəm mənzərələrinə tamaşa etmək üçün bu dağı ziyarət etməyə dəyər. Bundan əlavə, Beşbarmaq Azərbaycanda ornitoloji turizm üçün ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid köç edən yüzlərlə quş növü üçün dəhliz rolunu oynayır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 iyun 2020-ci ildə də Beşbarmaq dağı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqda Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın nadir təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xıdırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.