Ceyhun Bayramov Türkiyədə çevriliş cəhdi ilə bağlı paylaşım etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, Ceyhun Bayramov paylaşımı öz "Twitter" səhifəsində edib.

"Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 Temmuz! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!", - deyə Bayramov yazıb.

Türkiyədə dövlət çevrilişinə cəhd

2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə Ərdoğan hakimiyyətini devirmək idi.

2021-ci il aprelin 4-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Prezident Mühafizə Alayında baş verən hadisələrdə iştirak etmiş 497 müttəhimin məhkəmə qarşısına çıxarıldığı proses yekunlaşıb. Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.

Hökmü açıqlayan hakim Murat İlhan 19 müttəhimdən 16-sının "konstitusional quruluşu pozma" ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyini bildirib. 3 müttəhim isə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 aydan 15 ilə kimi həbs cəzasına məhkum olunub.

Bundan başqa, dövlət çevrilişinə cəhd zamanı Prezident Mühafizə Alayında xidmət edən 108 müttəhimdən altısı "konstitusiya quruluşunu pozmağa cəhd göstərənlərə yardım etmə" ittihamı ilə 6 il 3 aydan 15 ilə qədər həbs cəzasına məhkum edilib. Əsgərlər də daxil olmaqla, 102 müttəhim isə bəraət alıb.

TRT binasına basqın edən 141 şübhəlidən keçmiş (rütbəsi əlindən alınmış) polkovnik Muhammed Tanju Poshor, keçmiş leytenantlar Ümit Gençer və Ekrem İşık, keçmiş mayor Anıl Aktaş "konstitusional quruluşu pozduqlarına" görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Muhammed Tanju Poshor, həmçinin "Prezidentə sui-qəsd" ittihamı ilə ayrıca mühakimə olunub və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.