BAKI, 14 iyul — Sputnik. Tovuz döyüşləri xalqımızın ərazilərimizin işğalı ilə bağlı səbrini daşıran son damla olmuşdu. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevlə bir yerdə şəhadətə ucalan mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov o ağrılı və şərəfli günlərlə bağlı Sputnik Azərbaycana müsahibə verib. Deyib ki, Polad Həşimovla qardaşı Anar və İlqar Mirzəyev biri-birilərinə çox güvənən dostlar idilər. Onların ömürlərinin yarımçıq qalması isə hər kəsi yandırıb-yaxdı.
Anarın uşaqlıq illəri və hərbiyə maraq
Sücəddin Novruzov qardaşı ilə bağlı xatirələrini anladarkən deyib: "Biz ailədə 10 uşaq - 7 bacı, 3 qardaş olmuşuq. Atamız bərbər olub, anamız isə kolxozda işləyib. Hərəmiz özümüzə bir sənət seçmişik, valideynlərimiz isə bizim peşə seçimimizə qarşı çıxmayıblar. Anar evimizin sonbeşiyi, bütün ailənin sevimlisi idi. Cəldliyi, gülərüzü və mehribanlığı ilə bütün bacı-qardaşlarının məhəbbətini qazanmışdı. Çox çalışqan idi, biz ona hansı işi tapşırırdıqsa, öhdəsindən gəlirdi.
Anarda hərb sahəsinə məhəbbət uşaqlıq illərindən başlamışdı. Dəmir və ya alüminium tellərdən müxtəlif silah maketləri, tank maketini düzəldib sürərdi. Evimiz mərkəzi yolun üstündə yerləşir. Sovetlər dönəmində hərbi maşınlar yolda hər hansı səbəbdən dayananda Anar evdən çörək və digər ərzaqları aparıb hərbçilərə verərdi. Hərbçilər də Anara döş nişanı, papaq və ya başqa hərbi atribut verərdilər. Anar da hərbçilərin verdikləri hədiyyələri göz bəbəyi kimi qoruyar və ona verdikləri bu şeylərə görə fəxr edərdi.
Anar uşaqlığında hərbi salam verməyi öyrənmişdi. Evin qarşısında yolda durub hərbi maşınların gəlməsini gözləyərdi və maşınlar keçəndə onlara "əsgər salamı" verərdi. Elə bu minvalla Anarda hərb sahəsinə maraq artmağa başladı. Dərslərini yaxşı oxuyurdu, riyaziyyatı mükəmməl bilirdi. Ən çox sevdiyi riyaziyyat, fizika, tarix və ədəbiyyat fənləri idi".
Hərbi təhsil və I Qarabağ savaşı
Orta məktəbi bitirən kimi Anar sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə təqdim edir və ora daxil olur. Lakin həmin illərdə I Qarabağ müharibəsi getdiyi üçün hərbi təhsilini dayandırıb cəbhəyə yollanır.
"Qardaşım həmin illərdə cəbhənin ən qaynar nöqtələrində xidmət edib. Döyüşsüz qala bilmirdi, həmişə döyüşməyə can atırdı. Döyüşdə olduğu müddətdə mən iki dəfə onu ziyarət etmişdim. Bir dəfə Anara qayıdıb hərbi təhsilini davam etdirməsini təklif etdim. O isə "mən əsgər yoldaşlarımı, hərbçi dostlarımı tək qoyub gəlmək istəmirəm. İnşallah müharibəni başa vurub qayıdıb oxuyaram. Mənim üçün təhsil almaq heç vaxt gec deyil" cavabını verdi.
Anar həmişə təmas xəttində xidmət etməyi arzu edirdi. 1994-cü ildə atəşkəs müqaviləsi imazalandıqdan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, indiki H.Əliyev adına Ali Hərbi Məktəbinə qayıdıb təhsilini davam etdirdi. Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirib kəşfiyyatçı zabit kimi öz xahişi ilə cəbhə bölgəsinə təyinat aldı. Anar işğal altında olan ərazilərin bütün təmas xətti boyu yerləşən hərbi hissələrdə kəşfiyyat komandiri kimi xidmət edib", - qardaşı şəhid hərbçi barədə fəxarət hissi ilə deyir.
Hərb sahəsinə bağlılıq
Hərb sahəsi Anarın qanına, canına hopmuşdu. "Adətən toyda bəy məclisə vağzalı sədaları altında daxil olur, elə deyilmi? Anar isə öz toyunda məclisə "əsgər marşı"nın sədaları altında daxil oldu. Hərbçi dostları ilə bir yerdə mağara daxil oldu və öz toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdırdı. Ona deyəndə ki, sən 26 ildən çox xidmət etmisən, artıq təqaüdə çıxmaq vaxtındır, belə cavab verirdi: "Mən bu müharibəni oğluma, uşaqlarıma saxlamaq istəmirəm! Bizə Ali Baş Komandanın bircə hücum əmri lazımdır. O zaman siz necə qüdrətli orduya malik olduğumuzu görəcəksiniz". Anar ruhuyla hərb sahəsinə bağlı adam idi. O, heç vaxt ona hansısa mükafat verilməsini və ya təltif olunmasını arzulamırdı", - Sücəddin Novruzv deyir.
Qardaşı bir dəfə Anarın ad günündə ona hədiyyə olaraq kostyum almaq istəyib. Lakin onun məsələyə reaksiyası başqa cür olub: "Dedi ki, "mənim hərbi formam sənin alacağın 100 kostyumdan daha qiymətlidir, öz hərbi geyimimi heç bir kostyuma dəyişmərəm!" Onun doğum gününə başqa hansı hədiyyə almağımı istədiyini soruşdum. Dedi ki, "əgər əsgərlərimə lazım olan əşyaları alsan, elə bil mənə ən böyük doğum günü hədiyyəsini almısan". Biz mağazaya getdik və əsgərlərə lazım olan bütün əşyaları alıb Anara verdim".
“Akula” ləqəbli kəşfiyyatçı
Anarı hərbçi dostları və hətta düşmən tərəfi də "Akula" ləqəbi ilə tanıyıb:
"AQS-17 avtomatik qumbaraatan silah var, hərbçi yoldaşları Anarı bu silahın atası adlandırırdılar. Çünki qardaşım bu silahdan məharətlə istifadə etməyi bacarırdı, həm də bu silah haqqında dərs deyirdi. O, bu silahla sərrast atəş açaraq həmişə düşməni susdurub. Anar şəhid olandan sonra bizə gələn hərbçi yoldaşları deyirdilər ki, Anar cəngavər idi, həqiqətən "Akula" idi. O, sağlığında mənfur ermənilərdən öz qisasını alıb. Çünki düşmənin canına vəlvələ salmışdı.
Hətta mənə internetdə "Akula" ləqəbli mayor Anar Novruzovun şəhid olmasına görə Ermənistanda toy-bayram etdiklərini xəbər verən düşmən xəbər saytlarını göstərdilər. Qardaşım Anar sağlığında düşməni yetəri qədər qorxuya salmış və sağlığında öz qisasını almış qəhrəman zabit idi. Biz söhbət edəndə o, heç vaxt işindən danışmazdı, hansı işlər gördüyü barədə heç kəsə demirdi. Hərbiyə aid sual verəndə də gülüb söhbəti dəyişərdi".
Onun dəfnində təxminən 25 min nəfər insan iştirak edib. Anarı dəfn edəndə Azərbaycanın hər yerindən insanlar axışıb: "Mənə başsağlığı verənlər arasında elələri var idi ki, nə vaxtsa Anar onların həyatını xilas edib, ya yaralı vəziyyətdə köməklik edib. Hətta şəhid ataları da gəlib bizə baş çəkirdilər. Anar yanında xidmət edən uşaqlar şəhid olandan sonra onların ailələrinə baş çəkər, qayğısına qalarmış. Anarı son mənzilə yola salmaq mənim üçün çox ağır oldu. Amma onun haqqında kim danışırdısa, hamı Anarın məzarı qarşısında baş əyirdi və bu da mənim üçün təsəlli idi.
Gələn döyüş yoldaşlarının əksəriyyəti onun qəhrəmanlığından danışırdı. Anar haqqında heç vaxt eşitmədiklərimizi bizə danışdılar. Düşmənin atəşkəsi pozduğu vaxtlarda yaralanan döyüş yoldaşlarını atəşə tutulan yerdən çıxardığını, çətin anlarda tək qoymadığını deyirdilər. Onlar danışdıqca, qardaşımın necə qəhrəman olmasını eşidib qol-qanadım açılırdı. Digərləri deyirdilər ki, Anar öz əsgərlərinə böyük qardaş, ata əvəzi olub. Bir dəfə də o, 2 nəfər yaralı əsgərimizi döyüş meydanından çiynində çıxarıb yaralarını peşəkar şəkildə sarıyıb, geriyə müalicəyə göndərib".
Aprel döyüşləri - Anarın qisas hissi
Anar Aprel döyüşlərində də iştirak edib və yaralanıb. Özü də Aprel döyüşlərindən danışanda deyirmiş ki, bir neçə dostu onun qolları arasında şəhid olub. Bu, Anara çox pis təsir edib. Həmişə yemək yeyəndə belə bir dua edirmiş: "İlahi, Ali Baş Komandanımız əmr versin, biz də necə qüdrətli millət olmağımızı düşmənə göstərək. Şəhidlərimizin, dostlarımızın qisasını alaq".
Sücəddin Novruzov qardaşı ilə bağlı başqa bir xatirəsini belə anladır:
"Bir dəfə rayonlarımızdan birinə toya dəvət olunmuşdum. Elə təzəcə həmin rayonun toy olan kəndinə çatanda dedilər ki, toy dayandırılır, çünki kəndə şəhid gətirilir. Mən də ev sahibləri ilə bir yerdə şəhidin dəfnində iştirak etməyə gedəndə, gördüm şəhidi qardaşım Anar gətirir. Anarın öz xidmət yoldaşı şəhid olmuşdu. Anarda dövlətə, ordumuza və özlərinə çox inamı var idi. O, dəfndə çıxış edərkən dedi:
"Bizə Ali Baş Komandanın bir əmri bəsdir. Biz o qədər yüksək səviyyədə hazırlıq keçmişik ki, düşmən endirdiyimiz zərbələrdən sonra özünə gələ bilməyəcək!". Onun sözü düz çıxdı. Tovuz döyüşləri vaxtı Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov və digər hərbçi qardaşlarımız şəhid olsalar da, bizim ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi".
Sucəddin Novruzov Tovuz döyüşləri başlayan zaman qardaşının Qazax rayonu ərazisində xidmət etdiyini bildirib.
Tovuz döyüşləri və Anarın şəhadəti
"Kəşfiyyatçı olduğu üçün heç vaxt dəqiq harada olduğunu demirdi. Tovuzda döyüşlər başlayan zaman Anarın qızı ona mesaj yazıb narahatlığını bildirmişdi. Anar da döyüşlər gedən ərazidə olmadığını və narahat olmamalarını yazmışdı:
"Hər şey yaxşıdır, dərslərini oxu. Ermənilər bizə heç bir şey edə bilməzlər, qorxmayın!". Amma sonra bəlli oldu ki, general-mayor Polad Həşimov şəxsən Anara zəng edərək ona Tovuza gəlib öz silahları ilə orada atəş dəstəyi verməyini deyib. Anar da öz silahdaşları ilə biryerdə Tovuza gedib. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və mayor Anar Novruzov bir yerdə, yəni bir atəş mövqeyində mənfur düşmənin açdığı artilleriya atəşi nəticəsində şəhid olublar. Onlar ölümdən qorxmayaraq orada idilər. Anar bilirdi ki, şəhid ola bilər, amma oraya gedib və postların geri alınmasında fəal iştirak edib.
Orada döyüşənlərin hamısı qəhrəman kimi şəhadətə ucaldılar. Anar Tovuzda həmin atəş mövqeyinə gedəndə yolda rabitə vasitəsilə general Polad Həşimovla əlaqə saxlayıb: "Cənab general, mən filan tərəfdən atəş dəstəyinə gəlirəm. Bizim "KamAz"ı vurmağa çalışırlar, mən aldadıcı manevrlər edərək sizə tərəf yaxınlaşıram. Mən indi düşmənin atəş mövqelərinin hamısını vuracağam". Doğrudan da Anar gəlib düşmənin həmin mövqelərini vurub susdurmağı bacarır. Sonradan onlar mövqelərini dəyişdikdən sonra səhərə yaxın hər 3 zabit bir atəş mövqeyində şəhid olurlar. Polad Həşimovla qardaşım Anar və İlqar Mirzəyev biri-birilərinə çox güvənən dostlar idilər", - şəhid qardaşı əlavə edir.
Masallı gənclərinin andı və Vətən müharibəsi
"Tovuz döyüşlərindən sonra Masallıdan olan iki gənc heykəltaraş bizə müraciət edərək qardaşım Anarın büstünü hazırlamaq istədiklərini dedilər. Biz razılıq verdik və hər cür dəstək verməyə hazır olduğumuzu bildirdik. Onlar çox qısa bir müddət ərzində büstü hazırladılar. Büstü qoymaq üçün Anarın doğulub, yaşadığı evin girişində yer hazırladıq. 27 sentyabrda Vətən Müharibəsi başlayan gündən hər gün yüzlərlə gənc gəlib həm büstü, həm də Anarın məzarını ziyarət edirdilər.
Gənclər, "Cənab mayor, sənin qisasını almağa gedirik" - deyə and içirdilər. Hətta bir dəfə elə olmuşdu ki, döyüşə gedən gənclər həm Anarın büstünü, həm də məzarını ziyarət etmək üçün avtobusu buraya sürməyi xahiş edərək gəlib and içdilər. Hamısı təntənəli şəkildə belə and içirdilər: "Son damla qanımıza kimi vuruşub sənin qisasını alacağıq, Cənab mayor!". Mən o cavanlarda ruh yüksəkliyini görəndə çox qürurlanırdım. Çox sevindirici haldır ki, istər Masallı, istərsə də qonşu rayonlardan olan və döyüşdən qayıdan qazilər, könüllülərimiz, gəlib ziyarət edənlərin hər biri "Cənab mayor, biz sənin qisasını aldıq, rahat yat!" deyirdilər.
Vətən Müharibəsi zamanı yaşı uyğun olanlar cəbhəyə gedir, mənim kimi yaşlı insanlar isə müxtəlif yardımlarla cəbhəyə kömək edirdik. Hamı əlindən gələn formada cəbhəyə köməklik edirdi ki, qəlbən yüngülləşsin. Belə bir xalqla, belə bir insanlarla mən həqiqətən də qürur duyuram", - S.Novruzov bildirir.
Şəhidin qardaşı onu da deyib ki, Anar heç vaxt övladlarına sənət seçimində müdaxilə etməyib. Onun oğlu Nihad hərbi həkim olmaq arzusundadır. Hazırda Nihad 8-ci sinfi bitirib. O deyir ki, "hərbi həkim olub, daha çox hərbçilərin ölmələrinin qarşısını alacağam".
Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhid övladlarının hamısının arzuları yerinə yetsin!
Həmçinin oxuyun:
* Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə