RUSİYA

Sanksiyalar ittifaq dövlətinin yaradılması istiqamətində addımları fəallaşdırıb

Rusiya-Belarus ittifaq dövlətinin yaradılması barədə müqavilə 1999-cu il dekabrın 8-də Moskvada imzalanıb, 2019-cu ilin dekabrında - sənədin 20 illiyində isə inteqrasiyanın dərinləşdirilməsi barədə proqramın qəbul edilməsi nəzərdə tutulurdu.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Qərbin sanksiyaları, habelə ötən ilin avqustunda keçirilən prezident seçkilərindən sonrakı hadisələr Rusiya-Belarus ittifaq dövlətinin yaradılması istiqamətində addımları fəallaşdırıb. Belə açıqlama ilə Belarus dövlət universitetinin fəlsəfə və sosial elmlər fakültəsinin dekanı Vadim Qiqin çıxış edib.

"Düşünürəm ki, əgər biz sanksiyalardan və Belarusda baş verən siyasi böhranın ittifaq dövlətinin yaradılmasına təsirindən danışırıqsa, bunların çox güclü təkan rolu oynadığını deyə bilərik. Belarus ətrafında baş verən siyasi böhran ittifaqın yaradılması işini bir qədər tərpətdi, bir çox prosesləri fəallaşdırdı, təkcə iqtisadiyyatdan deyil, həmçinin birgə çağırış və təhlükələrdən, təhlükəsizlik problemlərindən, ümumi ideologiyadan danışmağa vadar etdi", - deyə ekspert "İttifaq dövləti çərçivəsində iş: nəticələr və perspektivlər" mövzusunda Moskva-Minsk video-körpüsü zamanı bildirib.

Onun sözlərinə görə, "Belarusdakı böhrana cəlb olunmuş və hazırda sanksiyalar tətbiq edən qüvvələrin qarşısında duran vəzifələrdən biri elə həmin ittifaq dövlətinin dağıdılması idi".

"Biz başa düşməliyik ki, xarici oyunçuların bu mərhələdə əsas məqsədləri Rusiya ilə Belarusu bir-birindən ayırmaq idi. Həm də bu, avqustun 9-da başlanan çoxpilləli, mürəkkəb bir oyun idi. Oyun bundan əvvəl başlamışdı. Rusiya-Belarus əlaqələrinin zəifləməsi, ittifaqın qurulması işinin pozulması Belarusda formalaşmış siyasi sistemin dağıdılması üçün vacib ön şərtlərdən biri idi", - deyə siyasətçi bildirib.

O hesab edir ki, "Belarusda alternativ komandanın hakimiyyətə gələcəyi təqdirdə biz heç bir ittifaq dövlətindən danışmayacaqdıq, son illər inteqrasiya istiqamətində əldə olunmuş nailiyyətlərin demontajından danışacaqdıq".

Qiqin hesab edir ki, Qərbin həm Rusiya, həm də Belarus üzərinə sanksiyalarla təzyiqinin güclənəcəyini nəzərdə tutmaq lazım gəlir.

"Özü də Qərb siyasətçilərinin hesabat, plan və bəyanatlarında İttifaq dövləti bir subyekt kimi məhz bu böhran şəraitində aşkara çıxmağa başlamışdı. Həmin vaxta qədər onlar ümumiyyətlə ittifaq dövlətinin olmasını görmək istəmirdilər", - deyə ekspert bildirib.

Rusiya-Belarus ittifaq dövlətinin yaradılması barədə müqavilə 1999-cu il dekabrın 8-də Moskvada imzalanıb, 2019-cu ilin dekabrında - sənədin 20 illiyində isə inteqrasiyanın dərinləşdirilməsi barədə proqramın qəbul edilməsi nəzərdə tutulurdu. Təkliflərin hazırlanması üçün işçi qrup yaradılmışdı, ümumilikdə tərəflər 30-a qədər müxtəlif sahələrə dair yol xəritələri layihələrini işləyib hazırlamışdılar. Lakin tərəflər həmin proqramı hələ də qəbul etməyiblər.

2020-ci ilin avqustun 9-da keçirilmiş və Lukaşenkonun 80,1% səs toplayaraq altıncı dəfə qalib olduğu seçkilərdən sonra müxalifətin kütləvi etiraz aksiyaları başladı ki, onların da qarşısını almaq üçün güc strukturları həmçinin xüsusi vasitələr və texnikadan istifadə ediblər. Belarus DTK-sı fevralın 11-də ölkədə vəziyyətin sabitləşdiyini bildirib, etirazlar demək olar ki, olmayıb. Belarusda bir sıra müxalifət liderlərinə qarşı cinayət işləri, o cümlədən hakimiyyəti ələ keçirməyə çağırış, ekstremist təşkilatın yaradılması, hakimiyyəti qanunsuz yolla ələ keçirmək üçün əlbir olma, terror aktının həyata keçirilməsinə bağlı işlər qaldırılıb.

Aprelin 17-də Lukaşenko ona və ailə üzvlərinə qarşı sui-qəsd hazırlayan şəxslərdən ibarət qrupun saxlandığını bildirib. Prezidentin məlumatına görə, bu işdə ABŞ xüsusi xidmət orqanlarının əli var.