BAKI, 14 iyul — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatda bildirilir:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.
Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.
Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.
Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir".
Naxçıvanın ermənilər tərəfdən atəşə tutulması
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Şuşa ətrafı da atəşə tutulub
Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu istiqamətdə bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.