Qurban bayramının namazı bu günlərdə qılınacaq - QMİ

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccənin 10-na – Miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Qurban bayramının namaz vaxtları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrində bildirilib ki, Qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı tövsiyələr hazırlayıb. Tövsiyələrdə deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurban bayramı Zül-hiccənin 10-na – Miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək: "Azərbaycanda Qurban Bayramı günləri dövlət tərəfindən qeyri-iş günü elan edilib. Bununla bağlı, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı bayram münasibətilə təbrik edir, onlara dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah əməllərinə görə minnətdarlığımızı bildiririk".

Qeyd olunub ki, bu il Qurban bayramını xalqımız Zəfər ab-havasında qarşılayır: "Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Vətəni sevmək imandandır. Peygəmbərimizin (s) hədisi-şəriflərdə buyurduğu kimi, haqq yolunda, Vətən torpağı uğrunda şəhid olanlar, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalmışlardır. Allah Vətən uğrunda, bu şanlı zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin! Amin!

Builki Qurban bayramını dünyada hələ də davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs Həcc ziyarəti bu il də təxirə salındı. Dualar edirik ki, pandemiya tezliklə başa çatsın, bütün niyyətində olanlar müqəddəs məkanları ziyarət edə bilsinlər, inşallah".

QMİ-nin Qurban bayramına dair tövsiyələrində bildirilir ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.

"Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edəsiniz. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək. Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hər-hansı məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada Qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaq".

Bildirilib ki, vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrində əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər: "Qurbanlıqların əvvəlcədən sifariş edilməklə satış şəbəkəsindən alınması ilə bağlı suallara cavab olaraq bildiririk ki, müvafiq infrastuktura malik olan satış şəbəkələrinin belə sifarişləri qəbul etməsi nəzərdə tutulur. Sifarişlər onlayn qaydada da həyata keçirilə bilər. Qurban bayramı günü sifarişçilərin istəyinə uyğun olaraq qurbanlıq heyvanların sifariş yerində birbaşa təhvil almaları və yaxud kəsilmiş heyvanların sifarişçinin ünvanına çatdırılması nəzərdə tutulur. Bildiririk ki, bu, şəriət qaydalarına zidd deyil. Belə ki, sifariş və satış məntəqələrindən asılı olmayaraq bütün heyvanlar baytar nəzarəti altında kəsiləcək".

Bu tövsiyələr pandemiya dövründə yaranmış xüsusi karantin qaydalarına əməl olunması və insanların sağlamlığının qorunması məqsədilə təqdim olunur. Şəriətə uyğun olaraq Qurban kəsimi iyulun 20-dən başlayaraq 3 gün davam edə bilər. İyulun 20 və 21-də məscidlərdə birgə Bayram namazları qılınacaq.

QMİ bir daha xalqımızı bu bayram münasibətilə təbrik edir.