Qubada dəhşətli ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi

Asəf Mustafayev yoldaşını və qızını xilas etmək üçün özünü kanala atıb, lakin ancaq birinin həyatını xilas edə bilib.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Ana qızını xilas etmək üçün özünü atdığı kanalda boğularaq ölüb. Hadisə Qubanın Vəlvələ kəndində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, kənd sakini 1987-ci il təvəllüdlü Diləfruz Məmmədağa qızı Mustafayeva 13 yaşlı qızı Lamiyənin Samur-Abşeron kanalına düşdüyünü görüb. Onu xilas etmək üçün özünü suya atıb. Bunu görən qadının həyat yoldaşı Asəf Mustafayev də özünü kanala ataraq yoldaşını və qızını xilas etməyə çalışıb. O, yaxınlıqdakıların köməyi ilə qızını xilas etsə də, həyat yoldaşını xilas edə bilməyib.

Diləfruz Mustafayevanın meyiti Gədikqışlaq kəndi ərazisində kanaldan çıxarılıb.

Qubada dəhşətli ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi

Xilas edilən 13 yaşlı Lamiyə Mustafayeva isə müxtəlif xəsarətlərlə Quba Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Onu da qeyd edək ki, Asəf və həyat yoldaşı Diləfruz Mustafayevlər Samur-Abşeron kanalı su-istismar idarəsində işləyiblər. Ailə 3 uşağı ilə idarənin Vəlvələ kəndindəki bölməsindəki otaqların birində yaşayırlarmış. A.Mustafayev Vəlvələ kəndində kanalın gözətçisi, həyat yoldaşı D.Mustafayeva isə nəzarətçi işləyib.

Hadisə ilə bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.