BAKI, 14 iyul — Sputnik. Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov “RİA Novosti”yə müsahibəsində məsləhət görüb ki, Talibanın* hücuma keçməsindən panikaya düşmək lazım deyil.
Taliban ayrı-ayrı qəzaları asanlıqla nəzarət altına aldı
Kabulovun sözlərinə görə, hazırda müşahidə olunan vəziyyət gerçəkləri anlamağa gətirib çıxarır: bu, NATO-Amerika güclərinin Əfqanıstanda mövcudluğunun nəticəsidir. Halbuki onlar hər il 300 min hərbi qulluqçudan ibarət güclü əfqan ordusunun hazırlanması barədə bəyanatlar verirdilər.
"İndi budur, biz onların, əslində, nə hazırladıqlarını gördük. Ancaq bu, o demək deyil ki, dərhal təşvişə qapılmaq lazımdır, hər şey alt-üst olacaq. Yox, vəziyyət o həddə gəlib çatmayıb", – deyə o vurğulayıb.
Kabulov onu da qeyd edib ki, əgər Kabil hakimiyyəti hələ keçən il Rusiyanın, özü də yalnız Rusiyanın deyil, həm də Çin, ABŞ və Pakistanın yeni koalisiya keçid hökumətinin formalaşmasına gətirib çıxaracaq əfqanlararası danışıq prosesinin başlaması təklifinə razılıq versəydi, hazırda baş verənlərin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkün olardı.
Ancaq Kabildə ABŞ-da Co Baydenin qələbə qazanacağı günü gözləməyə üstünlük verdilər, düşündülər ki, o, özündən əvvəlki iqtidarın qərarını dəyişəcək, amerikalılar Əfqanıstanda qalacaqlar və beləliklə də, onlar ölkədə hakimiyyətlərini davam etdirəcəklər. Alınmadı... Məqam əldən çıxdı. Və bu taliblərə "ikinci tərəfin danışıqlara hazır olmadığını" söyləməyə bəhanə verdi, onlar da təzyiqi gücləndirdilər – deyə Rusiya XİN-in nümayəndəsi vəziyyəti açıqlayır.
"Nəticədə Kabil deyil, taliblər öz danışıq mövqeyini yaxşılaşdırdılar, onlar ölkə ərazisinin daha böyük hissəsini nəzarət altına aldılar və artıq öz rəqibləri ilə güc mövqeyindən danışa bilərlər", – deyə Kabulov vurğulayıb.
Bununla yanaşı, Rusiya XİN nümayəndəsi bildirir ki, taliblər qəzaların əksəriyyətini döyüşsüz nəzarətə götürdülər. Əgər hər şeyi öz adı ilə çağırsaq, hökumət qoşunları, sadəcə olaraq öz qarnizonlarını tərk etdilər və qaçdılar. Odur ki taliblər həmin qəzalara daxil olaraq öz nəzarətləri altına aldılar.
Əfqanıstanda 400-dən artıq qəza var və hazırda onların üçdə bir hissəsindən çoxu, bəlkə də yarıya qədəri taliblərin nəzarəti altındadır. Özü də bu, döyüş əməliyyatları nəticəsində deyil, hökumət qoşunlarının həmin ərazilərdən çəkilməsi nəticəsində baş verdi.
"Ancaq bununla yanaşı, taliblər Əfqanıstanın bir əyalət mərkəzini belə götürə bilməyiblər, paytaxt barədə isə ümumiyyətlə danışmağa dəyməz. Bəli, taliblər hərbi-texniki nöqteyi-nəzərdən şəhərlərə soxula, basqın edə bilərlər, ancaq onların həmin şəhərləri əllərində saxlamaq üçün gücü yoxdur", – deyə o bildirib.
Hakimiyyət boşluğu yaranmasın deyə
Kabulov deyir ki, nə qədər gec deyil genişməzmunlu danışıqlar prosesinə başlamaq lazımdır və bunun koalision keçid dövlətinin yaradılması ilə nəticələnəcəyi qaçılmazdır.
Koalision hökümətdə kimin hansı səviyyədə təmsil olunacağı isə artıq əfqanların öz işidir. Qoy onlar özləri qərar verib razılığa gəlsinlər. Onlar heç kimin seçməyəcəyi iqtidar barədə əsaslı şəkildə razılığa gəlməlidirlər - bu, müharibə edən iki tərəf arasındakı danışıqların mövzusudur.
"Bu fikri amerikalılar, pakistanlılar, çinlilər də bölüşür – əgər nəzərə alsaq ki, Əfqanıstanda heç bir iş tələsik görülmür, bu tip müvəqqəti administrasiya iki-üç il fəaliyyət göstərə bilər.
Əfqanıstanda heç bir iş tələsik görülmür. Nə etmək olar, bir millət kimi əfqanların xarakteri belədir", - deyə o qeyd edib.
Əsas odur ki, ölkədə xaos, hakimiyyət boşluğu olmasın, bunun üçün də birgə administrasiya yaradılmalıdır ki, hərbi əməliyyatlara son qoyub bir sıra problemləri həll etsin. Yalnız bundan sonra Əfqanıstanın gələcək müqəddəratı və hakimiyyət forması barədə düşünmək olar.
"Əfqanlar ölkədə qayda-qanun yaratmalı, taliblərin cəmiyyətə inteqrasiyası məsələsini həll etməlidirlər", – deyə XİN nümayəndəsi vurğulayır.
İslam Əmirliyinə ehtiyac varmı?
Moskvada Talibanla danışıqlar prosesində onlara növbəti dəfə bildirildi ki, Rusiya və bütün dünya ictimaiyyəti İslam Əmirliyinin bərpasını qəbul etmir. Onlar da bununla razılaşdılar.
"Hə, əlbəttə, biz İslam Əmirliyinə üstünlük veririk, ancaq bu məsələni əfqanların geniş nümayəndə heyəti, o cümlədən, hazırkı Kabil hakimiyyəti ilə də danışıqlara və müzakirəyə hazırıq", – deyə Kabulov taliblərin sözlərini xatırladır.
XİN nümayəndəsi belə hesab edir ki, Əfqanıstanın gələcək quruluşunu və ona hansı yolla gedilməsini müzakirə etmək lazımdır. Onun fikrincə, əgər respublika quruluşunun saxlanılması barədə qərar qəbul edilsə, o zaman əfqan siyasi ənənəsinə görə, bu qərarı Loya-cirqa – ümum-Əfqanıstan Assambleyası verməlidir. Ancaq başqa variant da mümkündür ki, bunu da əfqanlar öz aralarında danışıb razılaşdırmalıdırlar.
"Keçid hökuməti nə üçün lazımdır – müharibənin dayandırılması, dövlət idarəetməsinin dağılmaması üçün. Taliblər də gələcək əfqan hakimiyyətinin bir hissəsi kimi bu prosesdə iştirak etməli və məsuliyyət daşımalıdırlar", - deyə o vəziyyətə aydınlıq gətirir.
Taliblərə inanmaq olarmı?
Kabulovun sözlərinə görə, taliblər Moskvada Əfqanıstandan qonşu ölkələrə və Rusiyaya hücum məqsədilə plasdarm kimi istifadə etməyəcəklərini təsdiqləyiblər. XİN nümayəndəsi onu da əlavə etdi ki, buna zəmanəti əvvəllər ona daha da yüksək səviyyədə - Dohada Taliban siyasi ofisinin rəhbəri Molla Abdul Qəni Biradər tərəfindən verilib.
Onlar Moskvaya gəldilər ki, Taliban hərəkatının yüksək rəhbərliyi adından Əfqanıstan ərazisindən üçüncü ölkələrin mənafelərinə zidd olaraq istifadə olunmayacağına zəmanət versinlər. Orta Asiyada təhlükəsizlik məsələlərinin Rusiya üçün nə qədər həssas məqam olduğunu yaxşı bildikləri üçün bunu xüsusi şəkildə vurğuladılar", – deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
Kabulov bir məsələyə də diqqət çəkdi ki, taliblər Tacikistan ərazisinə daxil olmayıblar, ora qaçanlar əfqan hökumət qoşunlarının əsgərləri olub. Özü də qaçaraq Tacikistan ərazisindən onların mövqelərini tutan taliblərə atəş açmağa başlayıblar. Ancaq taliblər bütün səhra komandirlərinə əmr veriblər ki, Tacikistan ərazisinə atəş açmasınlar.
"Rusiya xarici işlər naziri Sergey Lavrovun da qeyd etdiyi kimi, bizi narahat edən yeganə məsələ İslam Dövləti döyüşçülərinin Əfqanıstanın şimalında müharibənin yaratdığı xaosdan istifadə etmə ehtimalıdır. Bu bizim üçün çox vacib məqamdır. Bununla belə, taliblər onların barışmaz düşmənidir. Onlara elə nifrət edirlər ki, hətta əsir belə götürmür, dərhal məhv edirlər", – deyə Kabulov vurğulayır.
O bildirir ki, hazırda Rusiya vəziyyəti diqqətlə izləyir. Ancaq Taliban Orta Asiyadakı rus müttəfiqlərinin təhlükəsizliyinə zərər vurmaq cəhdinin onlar üçün böyük itkilərlə nəticələnəcəyini görəndə özlərini yaxşı aparmağa başlayacaqlar.
Diplomatik nümayəndəliklərin təhlükəsizliyi
Kabulov Rusiyanın Məzari-Şərifdəki Baş Konsulluğunun fəaliyyətini bərpa etməyi planlaşdırıb-planlaşdırmadığı barədə sualın cavabında isə bildirib ki, tarixən Rusiya Baş Konsulluğu həmişə Özbəkistanla sərhəddə yerləşən Hairatan şəhərində yerləşib. Məzari-Şərifdə isə onun Rusiyalı həmkarlarının rotasiya qaydasında işlədikləri və konsulluq funksiyalarının yerinə yetirildiyi ofis icarəyə götürülüb. Hazırda Məzari-Şərif ofisində bir nəfər də olsun rusiyalı əməkdaş yoxdur.
Rusiya və ABŞ-ın dialoqu
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya ilə ABŞ arasında Əfqanıstanla bağlı dialoqdan da danışaraq bildirib ki, amerikalılar məsələyə konstruktiv yanaşmalıdırlar, çünki çıxılmaz vəziyyətdədirlər.
"Onlar hansı yollasa özlərini təmizə çıxartmalıdırlar. Biz praktik və praqmatik insanlarıq, Rusiyanın təhlükəsizlik maraqları ilə bağlı məsələləri uzun müddətli perspektiv üçün həll etməliyik. Və amerikalılar bu məsələdə bizim üçün vacib tərəfdaşdırlar", – deyə Kabulov vurğulayıb. Onu da əlavə edib ki, Əfqanıstan Rusiya və ABŞ-ın səmərəli əməkdaşlıq etdiyi az qala yeganə məsələdir.
Orta Asiyada qeyri-sabitlik gözlənilirmi?
Kabulov vurğulayıb ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının "domino effekti" ilə qonşu Orta Asiya ölkələrində də qeyri-sabitliyə səbəb olacağı ilə bağlı təhlükə yoxdur, çünki taliblər döyüş əməliyyatlarının başqa ölkələrə sıçramasını istəmirlər.
“Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vəziyyəti yaxından izləyir. Rusiya KTMT-dəki müttəfiqləri, eləcə də rəsmi şəkildə qurumun üzvü olmasa da Rusiya ilə yüksək strateji müqavilələrlə sıx bağlı olan Özbəkistanla imkanları və səyləri birləşdirməlidir. Bu bizim birgə təhlükəsizliyimizə təhdid yaratmağa çalışan istənilən qüvvələr üçün ciddi siqnal rolunu oynaya bilər,” - deyə XİN nümayəndəsi fikrini bu sözlərlə yekunlaşdırıb.
* Taliban - Rusiyada qadağan olunmuş terror təşkilatı