Britaniya "Taliban"la əməkdaşlığa hazır olduğunu bəyan edib

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Əfqanıstan Prezidenti Əşrəf Qəni və "Taliban"ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.
Sputnik

BAKI, 14 iyul - Sputnik. Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qəni hakimiyyəti "Taliban"la birgə işləməlidir.

Sputnik Əfqanıstan xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles "Daily Telegraph"a müsahibəsində bildirib.

Nazir bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə "Taliban"la əməkdaşlıq etməyə hazırdırlar:

"Hakimiyyətdən asılı olmayaraq, Britaniya hökuməti onlarla beynəlxalq hüquq normalarına riayət olunacağı təqdirdə əməkdaşlıq edəcək".

Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq.

O, ölkəsinin "Taliban"la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə Əfqanıstan Prezidenti Əşrəf Qəni və "Taliban"ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkənin 85 faizinə nəzarət etdiyini iddia edir.