VİDEO

Bakıda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ağaclar əkildi

General-mayor Polad Həşimovun və Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ehtiram əlaməti olaraq  paytaxt rayonlarından birində ağac əkilib. Ətraflı məlumat üçün videoya baxın.
Sputnik

Düşmən silahlı qüvvələrinin təxribatlarını yatırarkən 2020-ci ilin iyul ayında Tovuz bölgəsində qəhrəmancasına həlak olan milli qəhrəman general-mayor Polad Həşimovun xatirəsi hörmətlə yad edilib. Ağacəkmə aksiyası Xətai Rayon İcra Hakimiyyəti ilə birlikdə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi tərəfindən həyata keçirilib. Ölkənin müxtəlif bölgələrindən onlarla insan qəhrəmanların xatirəsinə ağac əkmək üçün gəlib. Onların arasında Vətən Müharibəsi iştirakçıları ilə yanaşı, milli qəhrəman general-mayor Polad Həşimovun ailə üzvləri də var.

Bu cür tədbirlər ölkədə mütəmadi olaraq keçirilir. Azərbaycan xalqı qəhrəmanlarını həmişə xüsusi qürur hissi ilə xatırlayır. Tovuz döyüşləri böyük Qələbənin başlanğıcını qoyub, Azərbaycan xalqını birləşməyə və işğal olunmuş torpaqları azad etməyə sövq edib.

Milli qəhrəman, general-mayor Polad Həşimov cəbhənin Tovuz istiqamətində gedən şiddətli döyüşlərdə şəxsən iştirak edib, Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alıb.