COVID-19 sertifikatları "myGov"hökumət portalında

"myGov" şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.
Sputnik

BAKI, 13 iyul — Sputnik. COVID-19 sertifikatları "myGov.az" şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına "myGov" portalında "Məlumatlarım" bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə "Qurumlar üzrə" bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür. "myGov" şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.

İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Vaksin sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb. İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib.

"Android" və "iOS" əməliyyat sistemi istifadəçiləri COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına "myGov" mobil tətbiqindən də baxa bilərlər. Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərə dair vətəndaşlar arasında mütəmadi olaraq sorğular aparır, toplanan rəy və təklifləri təhlil edərək, təkmilləşdirmə işləri həyata keçirir. Bu rəy və təkliflərin təhlili nəticəsində "myGov" mobil tətbiqində bir sıra yeniliklər vətəndaşların sərəncamına təqdim edilib.

Belə ki, "ASAN ödəniş" mobil tətbiqi üzrə bir sıra ödənişlərin "myGov" mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Həmçinin, vətəndaşlara "myGov"da "daşınmaz əmlak məlumatlarım" bölməsində daşınmaz əmlak haqqında məlumatları yükləmək imkanı yaradılıb, mobil tətbiqin dizaynında bir sıra yeniliklər tətbiq olunub.

"myGov" mobil tətbiqini aşağıdaki linklərdən yükləmək mümkündür.

"Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

"iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Qeyd edək ki, COVID-19 pasportunun iki növü var: "COVID-19 vaksin sertifikatı" və "COVID-19 immunitet sertifikatı".

"COVID-19 vaksin sertifikatı" COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), "COVID-19 immunitet sertifikatı" isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir: "Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin "Şəxsi Kabinetə giriş" (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə "MyGov" portalına da inteqrasiya edilib. Burada "ASAN Login" sisteminə istifadəçi FİN-i, "Asan İmza", Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə "Digər xidmətlər" bölməsi seçilməlidir.

"Digər xidmətlər" bölməsi seçildikdə ekranda "COVID-19 vaksin sertifikatı" və ya "COVID-19 immunitet sertifikatı" seçimləri əks olunur. Əgər vətəndaş vaksin olunubsa, "COVID-19 vaksin sertifikatı" seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə "COVID-19 immunitet sertifikatı" seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan "QR Code" vasitəsi ilə yoxlanılması da mümkündür. Vətəndaşlar COVID-19 pasportunu "E-Təbib" mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.