BAKI, 13 iyul — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını çatdırıb.
Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.
Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
14.26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Overçuk Cənubi Qafqaz regionunda iqtisadi yolların açılmasına cavabdeh olan üçtərəfli işçi qrupda Rusiyanı təmsil edir. Üçtərəfli işçi qrupun fəaliyyəti bu ilin mayında Azərbaycan- Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı dayandırılmışdı
Bundan əvvəl Prezident İlham Əliyev Aleksey Overçuku aprelin 1-i qəbul edib.
Həmin vaxt Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev bildirib: "Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.
Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır.
Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.
Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk deyib:
"Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb".
Üçtərəfli İşçi qrupu yaradılması
Xatırladaq ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Həmçinin oxuyun:
* İlham Əliyev rusiyalı rəsmi ilə görüşdə Qarabağda eskalasiya riskləri barədə
* Overçuk: "Azərbaycanda yollar möhtəşəm səviyyədədir, bunu orada olan hər kəs bilir"
* Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar dəyişir