BAKI, 13 iyul — Sputnik. Azərbaycan Milli İncəsənət Muzeyi yenidən həftə sonları qapılarını sənətsevərlərin üzünə açır.
Sputnik Azərbaycan xəbər verir ki, bazar ertəsi istisna olmaqla, həftənin hər günü insanlar məkanı ziyarət edə bilərlər.
Həftə sonları balaca ziyarətçilər üçün ustad dərsləri də bərpa edilib. "Bədii lövhələr" və "Milli motivlər" adlı iki fərqli proqram hazırlanıb. İlk dəfə "Bədii lövhələr"adlı ustad dərsində kiçik qonaqlar Tahir Salahovun muzeyin fondunda saxlanılan "Çiçəklənən nar" tablosu ilə yaxından tanış olacaq və əsərin "step by step" imitasiyasını yaratmaq fürsəti qazanacaqlar. Habelə övladlarınız "Milli motivlər" adlanan ustad dərslərində iştirak edərək maddi mədəni irsimizə yaxından bələd olacaqlar.
İki tarixi binaya sığınmış muzey
Məlumat üçün bildirək ki, sözügedən muzey Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyıb.
Hal-hazırda muzey Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada, Kuba, Suriya, Fransa, Çexoslovakiya, Əlcəzair, İraq və sair ölkələrdə sərgisi təşkil edilib.
Eləcə də oxuyun:
Ermənilərin Qarabağdan talayıb Gürcüstanda satdıqları heykəlləri Azərbaycan pulla alıb
Azərbaycan Milli Xalça Muzeyi uşaqların yay tətilini rəngləndirmək üçün festival keçirir