BAKI, 12 iyul - Sputnik. General-mayor Polad Həşimov və daha 11 hərbçinin şəhid olduğu Tovuz döyüşlərinin ildönümüdür.
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozublar. Növbəti hərbi təxribat törədərək iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar və hücuma keçməyə cəhd ediblər.
Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələr endirilib.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur olub. Şanlı Azərbaycan ordusu düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib.
Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb. Bu döyüşlərdə heç bir ərazi itkisi olmasa da, Azərbaycan Ordusu biri general olmaqla 12 hərbi qulluqçusunu itirib.
General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Ermənilərin atdığı mərminin Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əliyev də şəhid olub. Bundan başqa, ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutub. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan edib.
Prezident İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildiriblər.
Beləliklə, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb.
2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin böyük əksəriyyəti azad edilib.