Qubada məktəb tikintisi zamanı böyük bir tarix üzə çıxıb

Məktəb tikintisi zamanı ustalar bir neçə qəbir və saxsı əşya qırıqlarına rast gəliblər. Dərhal müvafiq qurumlara məlumat verilib və o ərazidə tikinti işlərinin dayandırılması qərara alınıb.
Sputnik

BAKI, 11 iyul - Sputnik. Quba rayonunun dağlıq Qrız kəndində yeni məktəb tikintisi zamanı ustalar çox maraqlı hadisə ilə qarşılaşıblar. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, təməlatma zamanı ustalar həmin ərazidə qədim qəbirlər və saxsı qab nümunələri aşkar ediblər.

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev əməkdaşımızla söhbətində bildirib ki, məktəb tikintisi zamanı bir neçə qəbir və saxsı əşya qırıqlarına rast gəlinib. Bu barədə müvafiq dövlət qurumlarına dərhal məlumat verilib. 

Qubada məktəb tikintisi zamanı böyük bir tarix üzə çıxıb

Rüfət Hacıyevin sözlərinə görə, tapılan qəbirlərin XI-XII əsrlərə aid olduğunu ehtimal edilir. Lakin ən dəqiq məlumat mütəxəssis və arxeoloqların yerində baxışından sonra ortaya çıxacaq.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional şöbəsinin əməkdaşları da məktəb tikintisi aparılan yerə baş çəkiblər. Burada aşkarlanan artefaktlar səbəbindən məktəbin tikintisi dayandırılıb. 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi Qəhrəman Ağayev də tapıntı yerinə baxandan sonra tarixi qəbirlərin hansı dövrə aid olduğunu deməyin mümkün olacağını bildirib. Tapıntı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.