Azərbaycan Milli Xalça Muzeyi uşaqların yay tətilini rəngləndirmək üçün festival keçirir

Uşaqların təqdimatında onların əl işi olan milli geyimlərdən ibarət moda nümayişi keçiriləcək. Həmçinin festival iştirakçıları onlar üçün hazırlanan əyləncəli proqrama qatılacaqlar.
Sputnik

BAKI, 11 iyul — Sputnik. Azərbaycan Milli Xalça Muzeyi uşaqlar üçün festival keçirir.

Muzeyin sosial media hesabında verilən məlumatda bildirilir ki, uşaqların yay tətili günlərinə rəng qatmaq, onu daha səmərəli etmək üçün maraqlı və olduqca əyləncəli festival keçiriləcək.

15-16 iyul tarixlərində saat 14:00-dan 18:00-dək davam edəcək festival çərçivəsində muzeyimizin balaca dostları üçün xalça kvesti oyunu, estafet yarışları təşkil olunacaq, kukla tamaşaları göstəriləcək.

Uşaqların təqdimatında onların əl işi olan milli geyimlərdən ibarət moda nümayişi keçiriləcək. Həmçinin festival iştirakçıları onlar üçün hazırlanan əyləncəli proqrama qatılacaqlar.

Biletləri bu gündən etibarən muzeyin kassasından əldə edə bilərsiniz.