BAKI, 10 iyul — Sputnik. İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, ötən gün Bakıda polis rəisi özünü güllələyərək öldürüb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
09.07.2021
Bakıda polis rəisi özünü güllələyərək öldürüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S.Mirzəyev hazırda təqaüddədir. Xatırladaq ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.
Xatırladaq ki, bu yaxınlarda Bakıda daha bir polis özünə qəsd etmişdi. Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı - 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib. Hadisədən bir gün sonra xəstəxanada ölüb.
Eləcə də oxuyun:
Sevgilisini qətlə yetirəndən sonra özünü güllələyən polis ölüb
Bakıda hakim arvadını qətlə yetirdi