İQTİSADİYYAT

Yeni neft bumu: Rusiya nə qədər qazanacaq

Tələbat artır, OPEC+ müqaviləsi isə hələ qüvvədədir, hərçənd məhdudiyyətləri tədricən aradan qaldırırlar. Ancaq gündə dörd milyon bareldən çox hasilat hələ də bu razılaşma çərçivəsində yolverilən deyil.
Sputnik

Neft və təbii qazın qlobal qiymətləri çoxillik maksimumu üstələyib. Və son bir neçə günü nəzərə alsaq, bu rəqəmlər daha da yüksək görünür. Bəs sonra? Enerji qiymətlərini proqnozlaşdırmaq çətin işdir, ancaq baş verənləri müzakirə etmək maraqlıdır.

İndi mövcud "kotirovka"ların nə qədər sabit olması daha önəmlidir, çünki bazar qanunlarına görə, yüksək qiymətlər əlavə tədarükü və bazarın sonrakı sakitliyini stimullaşdırmalıdır. Bəs bu necə baş verəcək? Sualın cavabı RİA Novosti-nin dərc etdiyi Aleksandr Sobkonun materialında.

Bu kontekstdə neft və təbii qaz bazarında vəziyyət həm oxşar, həm də fərqlidir. Oxşarlıq ondandır ki, əlavə təkliflərin potensial mənbələrindən biri – ABŞ-da şist nefti və mayeləşdirilmiş qazın hasilatıdır. Fərq isə yüksək qiymətlərə verilən reaksiyanın sürətində özünü göstərir, neftdə hər şey daha sürətlə baş verir.

Gəlin, elə neftdən başlayaq. Burada qiymətlərin yüksək olmasının səbəbi məlumdur. Tələbat artır, OPEC+ müqaviləsi isə hələ də qüvvədədir, hərçənd məhdudiyyətləri tədricən aradan qaldırırlar. Ancaq gündə dörd milyon bareldən çox hasilat hələ də bu razılaşma çərçivəsində yolverilən deyil. Eyni zamanda, OPEC+ sərhədlərindən kənarda və şist hasilatında təklif, ehtimal ki, son illərdə müşahidə olunan investisiya qıtlığı nəticəsində aşağı düşüb.

Bu fonda Amerika şist neftinə maraq get-gedə artır. Hadisələrin inkişafının standart məntiqi aydındır, son illərin bazar taktikası da onun ətrafında qurulur: həddən artıq bahalı neft şist neftinin hasilatını stimullaşdırır, bu isə təklifin artmasına və qiymətlərin enməsinə səbəb olur.

Müvafiq olaraq, bazarda kəsir və ya bolluq yaranan vaxt OPEC+ qrupu hasilatı elə tənzimləməlidir ki, (yəni, azaldıb-artırmalıdır ki) qiymət hamı üçün məqbul səviyyədə olsun (bunun hansı səviyyədə olması ayrı məsələdir, ancaq deyək ki, təxminən 60-65 dollar civarında), lakin şistin inkişafını məhdudlaşdırsın. Nəzəri olaraq hər şey aydındır. Praktikada isə mütəmadi olaraq (və elə indi də) OPEC+ iştirakçıları arasında bu yanaşma çərçivəsində mübahisələrin ortaya çıxdığı müşahidə olunur.

Düzdür, indi qiymətləri yüksək səviyyədə saxlamağın tərəfdarlarının (yəni OPEC+ tərəfindən istehsalın artırılmasına tələsməməyə çağıranların) öz arqumenti var: şistin bərpası açıq-aşkar ləng gedir və Amerika hasilatı demək olar ki, artmır. İşləyən qurğuların sayı bu günə kimi koronavirusdan sonrakı geriləmənin yalnız 40%-ni kompensasiya edə bilib.

Yəni, bu dəfə Amerikanın şist istehsal edən şirkətləri, əslində gizli şəkildə OPEC + qrupuna qatılaraq istehsalı artırmağa yox, yüksək qiymətlər fonunda borcları paylamağa və pay sahiblərinə pullarını qaytarmağa üstünlük verdilər. Ancaq onlar üçün də 75-80 dollarlıq neft hasilatı artırmağı düşünmək üçün onsuz da kifayət qədər cazibədar qiymətdir.

Bu və ya digər şəkildə ortada üç qeyri-müəyyən məqam var. Birincisi, OPEC+ təşkilatının daxilində yeni fikir ayrılığı yaranıb ki, bu da həm mövcud məhdudiyyətlərin uzadılması, həm də münaqişə ilə nəticələnə bilər və hasilatın artırılmasına gətirib çıxarar. İkincisi, yüksək neft qiymətidir ki, bu da ABŞ-da istehsalın artmasına təkan verə bilər. Üçüncüsü isə İran amilidir.

Təbii qaz bazarı da bundan daha az maraq kəsb etmir – burada qiymətlər daha yüksəkdir və çoxillik maksimumlar səviyyəsinə çatır.

Səbəblər çoxdur və indi bunları açıq görmək olur. Bununla belə, hələ yarım il bundan əvvəl bazarda tamamilə əks tendensiya müşahidə olunurdu. İndi mayeləşdirilmiş qaz Asiyaya gedir, Avropada karbon dioksidin emissiya kvotalarının qiymətləri artır (bu, enerji istehsalında kömürdən qaza keçidi stimullaşdırır). Bundan başqa, "Qazprom" tədarükü məhdudlaşdırır. Daha doğrusu, Avropaya çox qaz göndərmir.

Burada biz gələcək tələb və təklif tarazlığını proqnozlaşdırmağı öhdəmizə götürmürük, tərəzinin hər iki gözünün də öz qeyri-müəyyənlikləri var – xüsusən də gözlənilməz hava faktoru təbii qazda böyük rol oynayır. Ancaq şist istehsalı kontekstində neft sektoru ilə paralellər aparmaq maraqlı görünür.

Zaman-zaman belə bir fikir səsləndirilir: təbii qazın qiymətinin həddən artıq yüksək olması qeyri-sabit xarakter daşıyır, belə ki, qiymət yüksək olsa, ABŞ bütün dünyaya öz şistini göndərəcək. Yalnız bir istisna hal da var: hər şeyin daha sürətlə baş verdiyi (çıxartdın, istifadə elə, ya istismar et, ya da ixracı azalt) neft bazarından fərqli olaraq, əlavə mayeləşdirilmiş qaz zavodlarının tikilməsi üçün minimum dörd ilə ehtiyac var.

ABŞ-da yerli qaz qiymətləri də kifayət qədər artıb, ancaq bu qiymətlərlə belə, amerikalı mayeləşdirilmiş qaz ixracatçıları dünya bazarında yaxşı qazanc əldə edirlər.

Və əgər neftçilər istəsələr, hazırkı neft qiymətləri dalğasını sürətlə yaxalaya bilərlər, ancaq qaz sferasında bunun baş verməsi mümkün deyil.

Son illər dünya səviyyəli mütəxəssislər arasında məşhur bir mülahizə var: "Qazprom" ABŞ-da yeni mayeləşdirilmiş qaz zavodlarının inşasını stimullaşdırmamaq üçün Avropada yüksək qiymətlərin qarşısını almağa çalışır.

Doğrudan da, əksər hallarda "Qazprom" Avropaya ixracatı mümkün qədər artırmağa çalışır. Bu məntiqlə ixrac həcmindəki artım özlüyündə bir məqsəd deyil, yuxarıda qeyd olunan vəziyyətdən qaynaqlanan nəticədir.

Ancaq indi vəziyyət dəyişib: "Qazprom", ehtimal ki, "Şimal axını-2"-nin işə düşəcəyini gözləyir və bu səbəbdən də Ukrayna ərazisindən keçməklə tədarükü artırmağa çalışmır, çünki sonradan eyni həcmdə qazı "öz" boru kəməri ilə ixrac edə bilər. Eyni zamanda, Avropa anbarlarındakı qaz çatışmazlığı gələcəkdə "Şimal axını- 2"-nin istifadəyə verilməsinə qarşı siyasi müqavimət ehtimalını azaldır. Bu və ya digər şəkildə əvvəllər işləyən konsepsiya artıq işə yaramır. Eyni zamanda, "Qazprom" qazın həddən artıq yüksək qiymətlərindən əlavə qazanc əldə edir.

Bununla belə, bu günə qədər ABŞ-dakı mayeləşdirilmiş qaz zavodları üçün yeni investisiya qərarlarının qəbul edilməsinin şahidi olmuruq, hərçənd belə layihələrin bəzilərinə başlanılmışdı. Ancaq qlobal tələb və təklifin uzunmüddətli tarazlığında, ABŞ-ın yeni mayeləşdirilmiş qazı hər bir halda əhəmiyyətli paya sahibdir. Odur ki ABŞ-da yeni mayeləşdirilmiş qaz zavodlarının tikintisinə başlanması mümkündür, ancaq onların bazara təsiri yalnız bir neçə ildən sonra baş verə bilər.