TƏBİB-dən səyahət edənlərə çağırış

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva məsafə saxlamağın mümkün olmadığı yerlərdə mütləq maskadan istifadəni tövsiyə edib.
Sputnik

BAKI, 9 iyul — Sputnik. TƏBİB Qurban bayramı ilə bağlı vətəndaşları diqqətli olmağa çağırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu çağırışı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva səyahət zamanı sağlamlıqla bağlı sualları cavablandırarkən edib.

Y.Qarayeva deyib ki, hər il Qurban bayramı ərəfəsində zəvvarlarımız Həcc ziyarətinə gedirdilər: "Orada çox ciddi qaydalar olur. Fərqli ölkələrdən gələn insanlar bir yerə toplaşırlar. Bir çox ölkələrdən gələn insanlar tənəffüslə yoluxan xəstəlikləri daşıya bilərlər. Bir yerə eyni vaxtda çox adam toplaşdıqda bütün səthlərə toxunulur.

Məsafə saxlamağın mümkün olmdığı yerlərdə mütləq maskadan istifadə edin. Həcc ziyarəti vaxtı COVID-19-dan əvvəl də insanlara maska taxmaq tövsiyə olunurdu".

TƏBİB rəsmisi həmçinin antiseptik vasitələrdən çox istifadədən çəkinməyi tövsiyə edib: "Həkimlər buna öyrəşsə də, adi vətəndaşlarda müxtəlif allergik reaksiyalarla müşahidə olunur. Ona görə də mümkün olduqda, əllərinizi su və sabunla yumaq yaxşıdır. Bu, mümkün olmadıqda, antiseptiklərdən istifadə edin", - deyə Yaqut Qarayeva bildirib.