İşğaldan azad edilmiş ərazilərdə ağ fosfor tərkibli sursatlar aşkarlandı

ANAMA bildirib ki, Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.
Sputnik

BAKI, 9 iyul - Sputnik. İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində ağ fosfor tərkibli sursatlar aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yayıb. 

Məlumata görə, Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən ANAMA tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib.

"Ermənistan silahlı qüvvələrinin ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi həm 2016-cı ilin Aprel döyüşləri zamanı, həm də 44 günlük Vətən müharibəsi zamanı faktlarla təsdiqini tapıb. Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha sübut edir.

Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.

Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur.

Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər", - ANAMA-dan bildirilib.

İşğal bölgəsində fosforlu bombalar

Qeyd edək ki, ötən il dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 22 mm D-4 (P-4) ağ fosfor tərkibli, istifadəsi beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.

Bundan öncə də dəfələrlə erməni silahlı qüvvələrinin istifadə etdiyi ağ fosforlu bombalar aşkar edilmişdi.

Belə ki, əvvəlcə 03.11.2020-ci il tarixində Tərtər rayonunun iki kəndi - Səhləbad və Əskipara kəndləri yaxınlığında tərkibində 3,6 kq fosfor olan 2 ədəd D4 122mm-lik top mərmisi, 8 oktyabr tarixində isə Füzuli rayonunun Ağayatlı kəndi ərazisində eyni mərmi tapılıb və zərərsizləşdirilib.

Bundan əlavə, 2016-cı il aprel hadisələrindən sonra 11 may tarixində də Tərtər rayonunun Əskipara kəndi ərazisində əkin sahəsində düşmən tərəfindən atılmış bir ədəd mərmi götürülmüşdü.

Həmçinin oxuyun: 

* Yenə də ağ fosforlu bomba aşkarlanıb

* Hikmət Hacıyevdən yeni tvit - Füzulidə ağ fosforlu mərmi belə zərərsizləşdirildi - VİDEO

* Şuşa meşələri ağ fosforla yandırılır

* Ermənistan fosfor silahları ilə Topxana meşəsini yandırıb

* Ermənilər Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər