Füzulidə minaya düşərək ayağını itirən şəxsdən son xəbər

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən sağ qalan Elnur Həşimovun vəziyyəti orta ağır olaraq qalır. Ayağı amputasiya edilən xəstənin paytaxta göndərilməsi nəzərdə tutulub.
Sputnik

BAKI, 9 iyul — Sputnik. İyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüblər.

Nuru Nuriyev hadisə yerində həyatını itirib. Elnur Həşimov isə minaya düşdüyü ərazidən çıxarılaraq, Füzuli rayon Mərkəzi xəstəxanasına gətirilib. Onun vəziyyəti hazırda da orta ağır olaraq qalır. Bu barədə onun həkimi, Füzuli rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Əhəd Məmmədov Sputnik Azərbaycana açıqlamasında bildirib.

O deyib ki, xəstə gətirilərkən huşsuz vəziyyətdə olub: "Xəstə ötən gün axşam saat 18 radələrində ağır vəziyyətdə xəstəxanamıza daxil olub. İlkin tibbi yardımlar göstərilib. Xəstəxananın cərrahiyyə şöbəsində dərhal hazırlıqlar görülərək, xəstə cərrahiyyə əməliyyatına götürülüb. Onun sol baldırının orta 3-də biri amputasiya edilib. Hazırda xəstə palatada müalicəsini davam etdirir”.

Füzulidə minaya düşərək ayağını itirən şəxsdən son xəbər

Əhəd Məmmədov həmçinin qeyd edib ki, minaya düşərək ayağını itirmiş Elnur Həşimovun vəziyyəti ağır olduğundan onun paytaxta göndərilməsi nəzərdə tutulur:

"Xəstəyə bütün lazımi yardımlar edilib. O, cərrahi əməliyyat olunub. Buna baxmayaraq, vəziyyəti orta ağır olaraq qalır. O səbəbdən də biz onun müalicə və müayinəsinin paytaxtda davam etdirilməsini məsləhət bilmişik. Odur ki, ya bu gün, ya da sabah xəstə paytaxta göndəriləcək.

Xatırladaq ki, minaya düşən şəxslərdən biri Nuru Nuriyev elə hadisə yerində həlak olub. Digər şəxs - Elnur Həşimov isə ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər.

Qeyd edək ki, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb.

Məlumata görə, Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs edilmişdi.