İQTİSADİYYAT

Bu bölgü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək

Dövlət başçısının fərmanı ilə Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib. İqtisadçılar ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü şərh ediblər.
Sputnik

BAKI, 9 iyul — Sputnik. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsünü şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, indiyədək Azərbaycanda 10 iqtisadi rayon mövcud olub. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 14-ə çatdırılıb:"Əlbəttə ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir.

Fərmanda göstərildiyi kimi, bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır. Çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb".

R.Hüseyn vurğulayıb ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır. Fərmanda da göstərilir ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, ha belə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Həmçinin sözügedən Fərmanda Qarabağa vahid yanaşma var, yəni Dağlıq və Aran Qarabağ bir götürülür.

Qeyd olunur ki, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

İcraçı direktorun müavini Gəncə–Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılmasının da günün tələbi olduğunu deyib: "Diqqət yetirsəniz görərsiniz ki, Fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasının zəruriliyi vurğulanır.

Onun üçün də Gəncə–Qazax iqtisadi rayonunun əvəzinə Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) və Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) yaradılıb. Ölkənin ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunun da tərkibinə yenidən baxılıb və 3 iqtisadi rayon - Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) yaradılıb".

R.Hüseyn qeyd edib ki, iqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir. Yeni reallıq iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək, xüsusən də iqtisadi rayonlar üzrə planlaşdırma işinin səmərəliliyini artıracaq. Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda, Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq.

Məlumat üçün bildirək ki, Bakı iqtisadi rayonu (Bakı şəhəri) da formalaşdırılıb. Digər iqtisadi rayonların - Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) tərkibi isə dəyişməyib.

Millət vəkili Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ölkəmizdə artıq 14 iqtisadi rayon təsnifləşdirilir: "İqtisadi rayonlar coğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir. Bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir.

Eyni zamanda nəzərə alsaq ki, artıq biz iqtisadi rayonların sırasında yeni adda - Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib qərardır. Əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı və yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq".

O bildirib ki, Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib: "Əvvəlki təsnifata uyğun olaraq Yuxarı Qarabağ iqtisadi rayonu ötən il 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub.

Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində, respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, keçmiş Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faiz olmuşdu. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb".

"Qarabağ iqtisadi rayonunun mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin ərazilərimizdə məhsul istehsalının artacağı proqnozlaşdırılır. Bu o deməkdir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-yenidənqurma, yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik", - deyə o qeyd edib.

Millət vəkili bildirib ki, Şərqi Zəngəzur iqtisadi rayonu strateji, iqtisadi və ən əsası tarixi baxımdan xüsusi əhəmiyyəti daşıyır: "Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi aspektindən də vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var.

Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək".

Qeyd edək ki, iyulun 7-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

Sənəddə vurğulanır ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü aşağıdakı kimi təsdiqlənib:

- Bakı iqtisadi rayonu (Bakı şəhəri);

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

- Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

- Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

- Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

- Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

- Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

- Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

- Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

- Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Həmçinin oxuyun: 

* Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib

* Zəngilanlı məcburi köçkünlər ayağa qalxdı - Almaniya səfirinə sərt müraciət

* Naxçıvanı Azərbaycanla birləşdirəcək yol tikilir

Prezidentdən Xankəndi, Xocalı, Xocavəndlə bağlı FƏRMAN