Azərbaycanda yolların bərpası: Prezident Xətai rayonuna külli miqdarda vəsait ayırdı

İlham Əliyev "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sputnik

BAKI, 9 iyul — Sputnik. Prezident İlham Əliyev "Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Salyan - Neftçala magistralı tikilir

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 5-də "Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 milyon manat ayrılıb.

Qeyd olunan avtomobil yollarının tikintisi 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsait hesabına maliyyələşdiriləcək.

Azərbaycanda yolların bərpası

Müstəqilliyin bərpasından sonrakı illər ərzində Azərbaycan hakimiyyəti nəqliyyat infrastrukturunun bərpasına və yolların yenidən qurulmasına böyük diqqət ayırıb. 

Dövlət başçısı zaman-zaman yeni yolların çəkilməsinə və mövcud yolların bərpasına vəsait ayırır.

İyun ayının sonunda respublika prezidenti Bakının Qaradağ rayonu ərazisindəki avtomobil yollarının yenidən qurulması üçün 2,1 milyon manat ayırıb.

Yol şəbəkəsinin bərpası tədbirləri təkcə paytaxtı əhatə etmir. Dövlət başçısı hər yeni yolun istifadəyə verilməsində şəxsən iştirak edir, eyni zamanda yerində işlərin gedişi ilə vaxtaşırı tanış olur.

İyun ayının ortalarında İlham Əliyev azad edilmiş Füzuli bölgəsinə səfəri zamanı Əhmədbəyli-Füzuli-Şuşa yolunun və "Zəfər yolu"nun tikintisi ilə tanış oldu. Sonra Azərbaycan Prezidenti Xocavənd rayonu ərazisindən keçən "Zəfər yolu" üzərində körpünün inşası işlərilə tanış olaraq müvafiq göstərişlər verdi. 

Diqqətə çatdırmaq lazımdır ki, dövlət bütün qüvvəsini erməni işğalından azad edilmiş bölgəni bərpa etməyə  və magistral yolların tikintisinə yönəldib. Şuşaya gedən iki yolla yanaşı Kəlbəcər rayonuna da yol çəkilməsi planlaşdırılır.