CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

Publisist Salman Mümtazın qeydlərinə görə, Məhəmmədhüseyn xanın özü məscidin mehrabında dəfn edilib. Qəbirdəki skeletdən nümunələr götürüləcək və genetik analiz aparılacaq.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Şəkidəki tarixi və mədəniyyət nümunələrindən biri də Xan məscididir. Məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilir. Ötən əsrdə yaşamış publisist Salman Mümtazın bu məscid haqqında dediyi bəzi faktlar öz təsdiqini tapdığı üçün araşdırmalara da başlanılıb. Bu faktlardan biri də məscidin əsas mehrabının altında xanın qəbrinin olmasıdır. Bununla bağlı olaraq arxeoloqlar tədqiqata başlayıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, məsciddəki arxeoloji qazıntıları Dövlət Turizm Agentliyinin sifarişi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tədqiqatçı-alimləri həyata keçirirlər. Dövlət Turizm Agentliyi sədrinin müşaviri Elşən Mustafayev Sputnik Azərbaycan-a bildirib ki, 1759-60-cı illərdə tikilmiş məscid 1853-cü ildə Nuxa bazarında əmələ gələn yanğın nəticəsində ətrafdakı evlərlə birlikdə yanıb.

Təmir zamanı məscidin qədim dövrə məxsus kiçik pəncərələri doldurulub və yerində iri pəncərələr qurulub. Salman Mümtazın söylədiyi bu faktlar da öz təsdiqini tapdığı üçün araşdırmaların başlanmasına qərar verilib. Tədqiqatlar zamanı orada Şəki xanı Hüseyn Xan Müştaqın qəbri də aşkarlanıb.

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

"Ərazidə yanğın baş verib və məscid ciddi zərər görüb. Yerli camaat buranı bərpa edib. Biz yanğın izlərini tapmışıq. Doldurulmuş taxça və pəncərə izləri görünür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə burda təmir-bərpa işləri başlayıb. Salman Mümtazın qeydlərinə əsasən Məmmədhüseyn Xan Müştaqın qəbrini aşkar etmişik. Gələn ilin əvvəlinədək bura ən mühüm turizm mərkəzlərindən birinə çevriləcək", - deyə Elşən Mustafayev bildirib.

Ekspedisiyanın rəhbəri Zaur Həsənovun sözlərinə görə, mehrabdakı ilkin qazıntılar zamanı qəbirüstü örtüklərə məxsus lay daşlar aşkarlanıb. Ön divarın qarşısındakı hissədə aparılan qazıntılar zamanı isə qədim mehrabın dağıdıldığı və onun yeni üslubda tikildiyi məlum olub. Tədqiqatın əsas məqsədi qəbirdən genetik araşdırma aparıla biləcək dəlillərin əldə edilməsidir.

Şəkidəki məsciddə xanın qəbri aşkarlandı

"Çox maraqlı tapıntılar əldə edilib. Onlardan biri də mehrabın altında aşkarlanan daş strukturdur. Ehtimal edirik ki, bu, qəbirdir. Salman Mümtazın yazısına görə, Şəki xanı Məhəmmədhüseyn xanı mehrabın altında basdırıblar. Skelet tapılsa, bu, təsdiqlənəcək. Çünki skeletin genetik analizi aparılacaq. Biz çöldə qədim mehrabın fundamentini də tapmışıq, o da bərpa ediləcək", - Zaur Həsənov bildirib.

Qeyd edək ki, Xan məscidini Hicri tarixi ilə 1183-cü ildə (Miladi tarixi ilə 1769-70-ci illərdə) Şəki xanı Məhəmmədhüseyn xan Müştaq tikdirib. Məscid əvvəlcə "I Cümə məscidi" adlanıb. Məscidin şərq tərəfindəki sahədə Şəki Xan qəbiristanlığı yerləşir. Publisist Salman Mümtazın qeydlərinə görə, Məhəmmədhüseyn xanın özü məscidin mehrabında dəfn edilib.