BAKI, 8 iyul — Sputnik. Azərbaycanın yeganə fransızdilli mətbu orqanı "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın "Musulmans en France" www.musulmansenfrance.fr xəbər portalında "Qarabağ atı - bəşəriyyətin dünya irsinə aid bir cins" (Le cheval Karabakh, race appartenant au patrimoine mondial de l"humanité) başlıqlı məqaləsi yayımlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, məqalədə müəllif Böyük Britaniyanın paytaxtı London şəhərində Qarabağ atlarının da iştirak etdiyi ənənəvi "Vindzor Kral Atçılıq Şousu"nda Kraliça II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə Azərbaycanın təqdim etdiyi "Xarı-Bülbül" adlı xüsusi şou-kompozisiya təqdimatının nümayiş olunduğunu diqqətə çatdırır. Jurnalist sözügedən təqdimatda Qarabağ atlarının füsunkar gözəlliyi, Azərbaycanın milli musiqisi və rəqslərinin britaniyalıları heyran etdiyini qeyd edib.
Jurnalist yazır ki, ilk dəfə "Xarıbülbül" kompozisiyası bu il iyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" kompozisiyasının təqdimatı zamanı nümayiş etdirilib. Müəllif "Xarıbülbül" kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdiyini xatırladıb. O, həmin vaxt Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan "Zəfər" adlı Qarabağ atının hədiyyə edildiyini də bildirib.
Müəllif Azərbaycanda at hədiyyə verməyin ənənəsindən söz açaraq, atın sədaqətdə etibarlı bir yoldaş olması baxımından bunun xüsusi bir məna daşıdığını bildirib.
Zeynab Kazımova sovet hökuməti tərəfindən 1956-cı ildə İngiltərə Kraliçası II Elizabetə "Zaman" ləqəbli bir Qarabağ atının hədiyyə olaraq göndərilməsinin Azərbaycan at yetişdirilməsi tarixindəki mühüm hadisələrdən biri hesab olunduğunu vurğulayır.
Məqalədə deyilir ki, Qarabağ atları bir çox beynəlxalq sərgidə uğurla təmsil olunub. Məsələn, "Xan" ləqəbli Qarabağ atı 1867-ci ildə Fransada keçirilmiş bir sərgidə mükafatlandırılıb, "Elyetmez" ləqəbli at 1869-cu ildə keçirilən Ümumrusiya At sərgisində sertifikat alıb.
Azərbaycanda atçılığın tarixinə diqqət çəkən müəllif bu sənətin ölkəmizdə qədim dövrlərdən bəri meydana çıxdığını bildirir. Məqalədə vurğulanır ki, atçılıq qədim Azərbaycan dövlətləri olan Manna, Midiya, Atropatena və Albaniyada geniş yayılmışdı. "Bir sıra yerli at cinsləri, Azərbaycan atlarının təbii və tarixi şərait nəticəsində təkamülü nəticəsində, eləcə də gündəlik həyatın ehtiyacları sayəsində yüz illər boyu meydana çıxmışdır. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində inkişaf edən məşhur Qarabağ atıdır", – deyə məqalədə qeyd olunur.
Müəllif Qarabağ atlarının cins olaraq xüsusiyyətlərindən söz açaraq, bu cinsin yaxşılaşdırılmasında Qarabağ xanlarının fabriklərinin əvəzolunmaz roluna toxunub. Damazlıqların yetişdirilməsi işinin Pənahəli xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşidbanu Natəvan və digər sülalələrin fabriklərində və tövlələrində aparıldığını qeyd edir.
Müəllif bildirir ki, XX əsrdə Qarabağ atları tarixində ən əlamətdar hadisə Ağdam Atçılıq Mərkəzinin yaradılması idi. "Bu Mərkəzin yaradılması Qarabağ at cinsinin yaxşılaşdırılmasında çox böyük rol oynayıb. Ancaq 1993-cü ildə Ağdam Ermənistan tərəfindən işğal edildi və şəhər tamamilə dağıdıldı ...", - deyə qeyd edən müəllif fransızdilli oxucuların diqqətini bir daha Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi misilsiz dağıntılara və vurduğu zərərə diqqət çəkir.
Məqalədə vurğulanır ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən sonra Ağdam Atçılıq Mərkəzi 1994-cü ildə Ağcabədi bölgəsinin Xamtorpaq adlanan ərazisinə köçürülüb. Torpaq, su və bitki örtüyü Qarabağ atlarının doğulduğu Ağdamın yerini əvəz edə bilməsə də, onlar ötən dövr ərzində onlar üçün əlverişsiz şəraitə uyğunlaşdılar.
Azərbaycan dövlətinin Azərbaycan atlarının şöhrətini bərpa etmək və ölkədə atçılığın inkişafını təmin etmək üçün ciddi addımlar atdığını vurğulayan müəllif 2007-ci ildə "Atların yetişdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun qəbul edildiyini diqqətə çatdırır və yazır ki, Prezident İlham Əliyev tərəfindən bu qanunun tətbiqi üçün müvafiq fərmanlar imzalanıb, eyni zamanda At Yetişdirmə İnkişaf Proqramı təsdiq edilib.
Zeynab Kazımova qeyd edir ki, artıq bu gün, Azərbaycanın 2020-ci ildəki şanlı qələbəsindən sonra Qarabağ atı Qarabağdakı evinə qayıdır. Qarabağ atı öz şöhrətini qaytarır. Müəllif onu da əlavə edir ki, Qarabağ atı UNESCO tərəfindən ilk dəfə Ümumdünya İrsinə aid at cinsi kimi tanınır.
Jurnalist, həmçinin öz məqaləsində Azərbaycanın qədim atüstü oyunu olan çövkən oyununa da diqqət çəkir. Məqalədə deyilir: "2013-cü ildə UNESCO Bəşəriyyətin Qeyri-Maddi İrsinin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasını keçirdi. Bu münasibətlə, Azərbaycan, onun Qarabağ bölgəsi, eyniadlı bölgədən çıxan Qarabağ atlarının belində oynanan ənənəvi bir atçılıq oyunu olan çövkənin uyğunluğunu təsdiqlədi. Polonun atalarından biri sayılan oyun top vuran süvariləri bir araya gətirir. Çövkənin təcili qorumaya ehtiyacı olduğu qəbul edildi. Buna görə UNESCO bəşəriyyətin dünya irsinə aid olan bu cinsi qorudu".
Müəllif onu da qeyd edir ki, UNESCO üçün bir heyvan növünün bəşəriyyətin dünya irsi siyahısına daxil edilməsi ilk hadisədir.
https://musulmansenfrance.fr/le-cheval-karabakh-une-race-appartenant-au-patrimoine-mondial-de-lhumanite/