SƏHİYYƏ

"Delta" ştammı Azərbaycana da gələcək - ÜST nümayəndəsi qorxunc virus barədə

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri əhalini "Delta" ştammı ilə bağlı özünü qoruma tədbirlərinə əməl etməyə və vaksin olunmağa səsləyib.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Azərbaycana "Delta ştammı"nın gəlməsi qaçılmazdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, artıq COVID-19-un "Delta ştammı"na yoluxma bir çox ölkədə qeydə alınıb. Bu ştamm daha tez yayılır: "Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün "Delta ştammı" var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur".

Harmancının sözlərinə görə, "Delta ştammı"nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib.
O deyib ki, Azərbaycana "Delta ştammı"nın gəlməsi qaçılmazdır: "Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. "Delta ştammı"na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma "Delta ştammı" aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur".

Qeyd edək ki, bundan öncə Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib. 

2 iyul

Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə çağırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri bildirib ki, Azərbaycanda yoluxma azalsa da, dünyada pandemiya hələ bitməyib: "Buna görə də hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq".

H.Harmancı üzü payıza təhlükəsizlik tədbirlərini möhkəmləndirməyə çağırıb:

"Qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır. Sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir. Başqa ştammlar da ola bilər. ÜST daim bunları monitorinq edir. Peyvəndlərdən mütləq şəkildə istifadə olunmalıdır. Peyvəndlər təsirli və təhlükəsizdir. Əhali gigiyenik qaydalara əməl etməlidir. Xüsusilə sıx məkanlara girdiyimiz zaman maska taxmaq vacibdir. Vaksinasiya çox önəmlidir".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin ("BioNTech/Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson") qeydiyyata alınıb.