BAKI, 7 iyul — Sputnik. İranın paytaxtı Tehranda Əfqanıstan hökumətinin və Taliban hərəkatının nümayəndələri arasında danışıqlar başlayıb. Bu barədə Sputnik Azərbaycan "ISNA"-ya istinadən xəbər verir.
"İranın paytaxtında bu gün Əfqanıstan hökuməti və Taliban nümayəndələri arasında danışıqlar başlayıb", - deyə məlumatda bildirilir.
Əfqanıstanda nə baş verir
Birləşmiş Ştatlar Prezidenti Co Bayden aprelin 14-ü Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.
ABŞ Əfqanıstanda əməliyyatlara 2001-ci ilin oktyabrında başlayıb. ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına bu ilin mayından başlanılıb. 2010-2013-cu illərdə əməliyyatların pik dövründə Əfqanıstanda koalisiya qüvvələrinin sayı 150 mindən çox olub. ABŞ və NATO-nun əsas qoşunları bu ölkədən 2014-cü ildə çıxarılıb.
Xatırladaq ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra Əfqanıstan və İraqda hərbi əməliyyatlar keçirib.
Vaşinqtonun keçirdiyi əməliyyatların məqsədlərindən biri "Əl-Qaidə" rəhbəri Üsamə bin Ladenin zərərsizləşdirilməsi idi. ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) ben Ladenin yerinə dair məlumata görə 25 milyon dollar pul mükafatı da qoyub. Ben Laden 2011-ci ildə ABŞ tərəfindən zərərsizləşdirilib.
ABŞ və müttəfiqlərinin İraqda keçirdiyi hərbi əməliyyatlar mart ayında başlayıb və may ayına qədər davam edib. Vaşinqton Səddam Hüseyn rejimini "Əl-Qaidə" daxil olmaqla, beynəlxalq terrorizmdə və kütləvi qırğın silahlarının hazırlanması və saxlanılmasında ittiham edib. Əməliyyatlar nəticəsində Səddam Hüseyn devrilib və edam edilib.