QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilanlıların "ağıllı kənd"ə köçürüləcəyi tarix açıqlandı – RƏSMİ

Zəngilan rayonunda yaradılan "ağıllı kənd"ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir.
Sputnik

BAKI, 7 iyul — Sputnik. "Hazırda Füzuli hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir".

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Zəngilanda yaradılan "ağıllı kənd"ə sakinlərin növbəti ilin yanvar ayında köçürüləcəyi gözlənilir: "Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir".

Elnur Məmmədov həmçinin bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə "yandırılmış torpaq" siyasətindən istifadə edib.

O xatırladıb ki, ötən il Azərbaycan 10 min kvadrat kilometrdən çox ərazisini işğaldan azad edib: "Bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Onlar işğal olunmuş ərazilərdə bilərəkdən hər bir evi, ictimai binaları, infrastruktur obyektlərini, məktəb və xəstəxanaları yerlə-yeksan ediblər. Onlar bunu həmin ərazilərə qayıtmağı gözləyən məcburi köçkünlər üçün orada yaşayışı qeyri-mümkün etmək üçün ediblər".

İşğaldan azad olunan yerlərdə quruculuq işləri

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı müxtəlif xarici şirkətlər də dəvət alıb. Azərbaycanın dövlət başçısı bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunacağını bildirib.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, Zəngilanda, ya Laçın, ya Kəlbəcərdə beynəlxalq hava limanları inşa ediləcək.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Həmçinin oxuyun:

Qarabağda "ağıllı şəhər" və "ağıllı kənd" - bu necə olacaq?

“Buradan “ağıllı” Ağdama qayıtmaq arzusu ilə ayrılırıq” - Hikmət Hacıyev