BAKI, 6 iyul — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması prosesi ilə bağlı ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdə istifadə rahatlığı parametri üzrə müxtəlif innovativ həllər, əlavələr və dəyişikliklər edir.
Bu barədə Sputnik Azərbaycan-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Belə ki, agentlik müasir dizaynda yeni veb-saytını (www.tkta.edu.az) vətəndaşların xidmətinə təqdim edib. Təqdim olunan veb-sayt istənilən informasiyanın rahatlıqla əldə edilə bilməsi üçün daha da müasir və funksional formatda yenidən hazırlanıb.
Əlavə olaraq, agentlik bu silsilə addımlar çərçivəsində vətəndaşların indi tanınma üzrə daha da rahat müraciət edə bilməsi üçün www.taninma.az keçidini istifadəyə verib. Bu keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola, proseslə bağlı ətraflı məlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
Agentlik vətəndaşları yalnız yuxarıda qeyd edilən və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağırır. Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyi, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadıqları bildirilir.
Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda info@tkta.edu.az elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 29 dekabr tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilib və publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb. Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği"nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.
Məlumat üçün qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.
Eləcə də oxuyun:
Tələbələrin köçürülməsinə başlanılır
Xaricdə doktorantura təhsili almaq istəyənlərə bir aylıq şans