VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında əlaqələr daha da genişləndiriləcək

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Sputnik

BAKI, 6 iyul — Sputnik. İyulun 6-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Türkiyə nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

General-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Ordu generalı H.Küçükakyüz Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər son aylar ərzində Türkiyənin Konya şəhərində keçirilmiş “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin hər iki ölkənin HHQ-nin arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıblar.

Görüşdə Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrdə əməkdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
5 iyul

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, ötən həftə iyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi iyunun 22-də başlayıb.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları uğurla icra edirlər.

İyulun 1-də "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.

Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.

Sonda qonaqlar simulyasiya mərkəzi ilə də yaxından tanış olublar.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.