Meşələrin xəritələri elektronlaşdırılır

Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov nə qədər meşə fondunun aqrobağlar  üçün icarəyə verildiyini açıqlayıb.
Sputnik

BAKI, 6 iyul — Sputnik. Meşələrin elektron kadastrının qurulması, meşələrin xəritələrinin elektronlaşdırılması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsi ilə birgə iş aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib. Onun sözlərinə görə, gələn ilə qədər prosesin yekunlaşacağı gözlənilir: "Xəritələrimiz elektronlaşdırıldıqdan sonra məlumatların hər kəs üçün əlçatan olması təmin ediləcək".

Mehman Səfərov həmçinin qeyd edib ki, "2018-2021-ci illər üzrə ümumilikdə 84 hüquqi və fiziki şəxslə müqavilə bağlanıb. Onun sözlərinə görə, bu müqavilələr nəticəsində 9013 hektar torpaq sahəsi fiziki və hüquqi şəxslərə icarəyə verilib: "10 halda icarəyə verilmiş torpaqlarla bağlı müqaviləyə xitam verilib. Bunlard a müqavilə şərtlərinin pozulduğu tələblərə əməl olunmadığına görə olub. Ümumilikdə 658 hektar torpaq sahəsinin müqaviləsinə xitam verilib və təkrar Meşə Fonduna qaytarılması təmin olunub".

Qeyd edək ki, bu gün ekoaktivistlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında Lənkəranın Girdəni kəndi yaxınlığındakı meşənin 43 hektar sahəsinin " Beta Tea" şirkətinə icarəyə verildiyinə, ərazinin buldozerlərlə ağaclardan təmizlənməsinə etiraz edərək aksiya keçiriblər. Ekoaktivist Cavid Qara qeyd edib ki, çay plantasiyaları salmaq üçün artıq 5 hektara qədər ərazidə ağaclar məhv edilib, onların arasında hətta adı "Qırmızı Kitab"a düşmüş nadir dəmirağacı da var. Ekoaktivstlər qırılan ağacların şəkillərini sosial mediada paylaşaraq məsələni ictimailəşdirib.