Toz dumanı paytaxtı ağışına alıb

Hazırda avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 5-də səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Tozlu hava şəraiti lokal xarakterlidir.

Xidmətdən Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında temperaturun yüksək olması, yağıntının az düşməsi, küləkli günlərin çox olması ərazinin coğrafi mövqeyi və iqlim şəraiti üçün xarakterikdir.

Son dövrlər Abşeronda havanın yağmursuz keçməsi və ümumi meteoroloji şəraitlə əlaqədar torpağın üst səthinin quruması toz kütlələrinin formalaşmasına gətirib çıxarıb. Yaranmış toz kütlələri güclü küləklər vasitəsilə ətraf mühitə yayılıb və atmosfer havasının keyfiyyət statusunun aşağı düşməsinə səbəb olub.

Qeyd edək ki, iyunun 20-də də Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunub. Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyıb. Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çox olub.