“Əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələri, onların gələcək inkişaf meyllərinin müəyyən edilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasının iki ilinə həsr olunan mətbuat konfransında Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov bildirib.
“Biz 3 sahədə - demoqrafiya, əmək bazarı və sosial müdafiə sahələrində görülən işlərə dəstək göstərəcək və qərarların qəbul edilməsində iştirak edəcəyik. Qurum hazırda üç layihə üzərində işləyir. Əlilliyi olan şəxslərlə bağlı Virtual İnnovasiyalar Parkı adlanan layihə əsasında bu kateqoriyadan olan şəxslərin bərabər imkanlar əsasında məşğulluğu təmin olunacaq, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi həyata keçiriləcək. Eşitmə və nitq məhdudiyyəti olan şəxslərin ünsiyyət probleminin aradan qaldırılmasına yardım edəcək proqram təminatı layihəsinin tətbiq olunması həmin şəxslərin ətrafdakı insanlarla ünsiyyətini asanlaşdıracaq, onların cəmiyyətə inteqrasiyasına yardım edəcək. Müayinə Sorğu Sistemi layihəsi çərçivəsində isə müəyyən mövzular üzrə sorğuların aparılması, toplanmış məlumatların mobil tətbiq və ya veb səhifə üzərindən sistemə göndərilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və hesabatların hazırlanması planlaşdırılır”.
Elşən Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz