İQTİSADİYYAT

Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir

Azərbaycanın iqtisadiyyat naziri və Bakıda işgüzar səfərdə olan "Roseksimbank" SC-nin İdarə Heyətinin sədri arasında görüş keçirilib.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bakıda işgüzar səfərdə olan "Roseksimbank" SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.

Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu qeyd edən iqtisadiyyat naziri, ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var və "Rusiya İxrac Mərkəzi", "Roseksimbank" SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.

Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi əməkdaşlıq genişləndirilir

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, "Roseksimbank" SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 milyard 59 milyon 322,56 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 997,99 min ABŞ dolları və yaxud 1,05 % çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 8,96%-nə bərabər olub.

Bu ilin beş ayı ərzində Azərbaycanın Rusiyaya ixracının dəyəri 291 milyon 360,82 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 12 milyon 476,6 min ABŞ dolları və yaxud 4,47% çoxdur.

Azərbaycanın Rusiyadan idxalının dəyəri isə 767 milyon 961,74 min ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 milyon 478,62 min ABŞ dolları və yaxud 0,2% azdır.

Azərbaycanın Rusiyaya ixracı ümumi ixracının 3,92%-nə, Rusiyadan idxalı isə ümumi idxalının 18,47%-nə bərabər olub.