MƏDƏNİYYƏT

Alim və Fərqanə Moskvada hər kəsi öz ifalarının sehrinə salıblar

Xalq artistinin qızı Əməkdar artist Fərqanə Qasımova da A.P.Çexov adına XV Beynəlxalq teatr festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompozisiyası ilə çıxış edib.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün A.P.Çexov adına XV Beynəlxalq teatr festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompozisiyası ilə çıxış edib.

Sputik Azərbaycan xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri muğamları ilə tamaşaçıların könlünü oxşayıblar.

Qeyd edək ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır. 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. 2010-cu il martın 17-də ABŞ-ın "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.

2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.

Həmçinin oxuyun:

Alim Qasımov moskvalıları Şərq lirikasına qərq edəcək