BAKI, 3 iyul - Sputnik. İşğaldan azad edilmiş Ağdam rayonunun Şotlanlı kəndindən videogörüntülər yayımlanıb.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.
Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycana - Cənubi Azərbaycanın Sərab ərazisinə - Şəqaqi elinə gəlmişlər. Burada yaşamış Şatiranlu oymağı şotlanlıların kökü hesab edilir və bu adın mənşəyinin də oradan gəldiyi ehtimal olunur. 1747-ci ildə - Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalananda bu tayfa Sərab xanlığının ərazisinə daxil olub. 1828 ci ildə - Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalına - daha dəqiq, Qubadlı rayonunun Zilanlı kəndinə köç etmişlər.
Bir müddətdən sonra bəhs olunan Şotlanlı camaatı Agdam rayonuna Şotlanlı kəndinin əsasını qoyub. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Sovet dönəmi bitənə qədər Şotlanlı kəndi Nəmirli, Umudlu (Kolanlı), Şurabad kəndləri ilə birgə Nəmirli kənd sovetliyi adlandırılıb. Kənddə 1 məktəb, 1 xəstəxana, 1 mağaza, 1 klub fəaliyyət göstərib. Kənddə Alban məbədi olub, sonralar naməlum səbəblərdən dağıdılıb.
1994-cü il aprel ayının 23-də Şotlanlı kəndi bütun mudafiələrə baxmayaraq silahlı Erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun şücaəti nəticəsində geri qaytarılıb.
Vətən müharibəsi
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.