BAKI, 2 iyul — Sputnik. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi AVRO 2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Sputnik Azərbaycan-a İdarənin baş inspektoru, mayor Araz Əsgərli deyib. Qeyd olunub ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyükşor bulvarı, Atletlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı "Asan Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyükşor bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:
"Qeyd olunan ərazilərə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər. Biz isə sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik".
"Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq", - deyə əlavə edib.