Deputat Gəncədəki su qıtlığı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin iclasında Gəncədəki su qıtlığından danışıb.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Gəncədəki su qıtlığından danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə sədri Musa Quliyev bildirib ki, susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur: "Körpə fidanlarla yanaşı 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur".

Komitə sədri bildirib ki, 2011-ci ildə "Azərsu" ASC-nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub:

"200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığı. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir. Mən Hesablama Palatasına səslənirəm: araşdırın, bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir".

"Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-nə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir, gündəlikdə 10 məsələ var.