BAKI, 2 iyul — Sputnik. Rusiya Fars körfəzində öz kollektiv təhlükəsizlik konsepsiyasının yenilənmiş variantını hazırlayır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bizim dostlarımız Fars körfəzində kollektiv təhlükəsizlik konsepsiyası təşəbbüsümüzə maraq göstərirlər. Biz hazırda son hadisələr nəzərə alınmaqla, onun yenilənmiş versiyası üzərində işləyirik. Ən qısa zamanda onu maraqlı tərəflərlə bölüşməyə hazır olacağıq", - deyə Lavrov Bəhreyndən olan həmkarı Abdul Lətif əz-Zayyani ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Fars körfəzi
Fars körfəzi İran və Ərəbistan yarımadası arasında körfəzdir. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir.
Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı Fars körfəzinə tökülür.
Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə Fars körfəzi dənizlərlə oxşardır.
Körfəzin sahəsi 239000 km², uzunluğu 926 km, eni 180-320 km, orta dərinliyi 50 metrdən az, maksimal dərinliyi 102 metrdir.