BAKI, 1 iyul — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Qədim Qarabağın yenilənən siması" adlı müsabiqə proqramına start verib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin, Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün keçirilən geniş tərkibli iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib ki, işğaldan azad olunmuş ərazilərin bərpasının planlı və sistemli təşkili üçün Komitə tərəfindən Qarabağ regionunun şəhərsalma konsepsiyasının və ərazi-planlaşdırma sənədlərinin hazırlanması üzrə işlər sürətlə və əlaqəli şəkildə davam etdirilir, bu məqsədlə bir sıra yerli və nüfuzlu beynəlxalq şirkətlər cəlb edilib.
Komitə sədri bildirib ki, ötən müddət ərzində regionun ümumi planının hazırlanması çərçivəsində şəhərlərin, bir çox kənd və qəsəbələrin sərhədləri dəqiqləşdirilib, müvafiq ərazi-planlaşdırma sənədlərinin işlənməsinə başlanılıb: "Buna paralel olaraq, uzun illər işğal altında olmuş yaşayış məntəqələrinin, xüsusən də əhalinin böyük hissəsinin yaşadığı kənd ərazilərinin tarixinə əsaslanaraq gələcək simasının, memarlıq planlaşdırma həllərinin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir".
Tələblər
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Qədim Qarabağın yenilənən siması" adlı müsabiqə proqramına başlayır. Komitə Qarabağda Sarıcanlı, Horadiz, Zar, Şəlvə, Böyük Mərcanlı kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştiraka dəvət edib. Tələbə görə, Qarabağın bir sıra kənd və qəsəbələrini əhatə edəcək müsabiqə proqramının ilk mərhələsində təqdim olunan layihələrdə Ağdam rayonunun Sarıcanlı, Füzuli rayonunun Horadiz, Kəlbəcər rayonunun Zar, Laçın rayonunun Şəlvə və Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndlərində, həmçinin Cəbrayıl rayonunun Xudafərin qəsəbəsində yaşayış məskənlərinin gələcək sosial, iqtisadi, texnoloji inkişafının həlledici istiqamətləri, milli memarlıq ənənələrinə bağlılıq və müasir həllərin mümkün inteqrasiyası, yüksək bədii-estetik görünüşün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Qazanc
Ümumi mükafat fondu 60 min manat olan müsabiqədə layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. İştirakçılar yuxarıda qeyd olunan kəndlərdən birini və ya bir neçəsini seçmək hüququna malik olsalar da, seçilmiş hər bir ərazi üzrə ayrılıqda bir layihə təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci ilin iyulun 15-dək qeydiyyatdan keçməli, layihələr isə iyulun 31-i saat 18:00-dan gec olmayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur. Bu il avqustun 15-də elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 3 nəfər mükafatlandırılacaq. Belə ki, 1-ci yerin sahibi 5000 manat mükafat və 1-ci dərəcəli diplomla, 2-ci yerin sahibi 3000 manat və 2-ci dərəcəli diplomla, 3-cü yerin sahibi isə 2000 manat və 3-cü dərəcəli diplomla təltif olunacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək.
Eləcə də oxuyun:
BMTM sədrindən Almaniya səfirinə sərt cavab: "Fikirləri qəbuledilməzdir"
Qafarova Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb
Prezident: Birbaşa xarici sərmayələr olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz
Azad olunan ərazilərdə siyahıya alınan daşınmaz əmlakların sayı açıqlanıb