BAKI, 30 iyun — Sputnik. Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.
Vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə "Bakı Metropoliteni" QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti "Metrovaqonmaş" müəssisəsində olub.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daha sonra müvafiq texniki prosedur qaydalarına uyğun olaraq, qatarlar təftiş olunub. Bakı metropoliteninin qoyduğu tələblərə uyğun istehsal edilmiş vaqonlar daha sonra Bakıya yola salınıb.
Paytaxta gətiriləcək 4 qatar tərkibi "Nərimanov" elektrik deposunda müvafiq sazlama, sınaq və tənzimləmə işlərindən sonra xəttə buraxılacaq. Bununla, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn vaqonların sayı 95-ə çatacaq.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC ilə bu müəssisə arasında üçillik müqavilə imzalanaraq, 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün hər il texnoloji innovasiyalar baxımından ən müasir 20 vaqonun istehsalı nəzərdə tutulub.
Bakı metrosu zərərlə işləyir
Cari ilin mayın 31-də sərnişinlərin istifadəsi üçün yenidən açılan Bakı metrosu bu gün ötən ilə dair maliyyə hesabatını açıqlayıb. hesabata görə, "Bakı Metropoliteni" QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur. Beləcə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manat təşkil edib.
Karantin qaydaları və metro
Koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejiminin sərtləşdirilib-yumşaldılması nəticəsində 2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilmədilər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı - oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açdı.
İyun ayının sonuna qədər həftənin bütün günlərində fəaliyyət göstərən metro Nazirlər Kabinetinin yeni qərarına görə digər ictimai nəqliyyat vasitələri kimi, iyulun 4-dən etibarən şənbə-bazar günləri işləməyəcək.
Yeni qiymətlər olacaq?
Metropoliten zaman-zaman xərcinin borclarını ödəmədiyi barədə cəmiyyətə mesajlar ötürür və burada xarici ölkələrin təcrübəsi misal gətirilir.
Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında da bildirilib ki, Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq. Martın 9-da açıqlanan məlumata görə, sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq. O da vurğulanıb ki, ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.
Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir. Metroda gediş haqqı 0.30 AZN təşkil edir.