RUSİYA

Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır

Bu il əsas diqqət vətəndaşların vasitəçilər olmadan prezidentə müraciət edə bildikləri mobil tətbiq vasitəsilə gələn suallara yönəldiləcək.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Rusiya Prezidenti Valdimir Putin canlı yayımda bu ölkənin vətəndaşlarının suallarını cavablandırır.

Putin qeyd edib ki, lokdaunun olmaması üçün Rusiya regionlarında məcburi vaksinasiya tətbiq edir. O qeyd edib ki, infeksiyanın yayılmamasını qarşısını yalnız vaksinasiya hesabına almaq olar.

O bildirib ki, ÜST-ün tövsiyələrinə əsasən, adi hallarda yenidən vaksinasiya 12 aydan sonra, pandemiya şəraitində isə 6 ay sonra  məsləhət görülür.

Rusiya prezidenti Vladimir Putin “Sputnik V” vaksini ilə peyvənd olunub.
""Sputnik V" ilə peyvənd olundum. Ordumuz da “Sputnik V” vurdurur. Axı mən həm də Ali Baş Komandanam”, - deyə Putin bildirib.

Cenevrə görüşü barədə sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidentindən çox şey asılıdır: “ABŞ-dan olan alimlər və analitiklər öz siyasi rəhbərliyinə və sinfinə məsləhətlər verirlər: Birqütblü dünyanın vaxtı keçib, dünya dəyişir. Sanksiyalara baxmayaraq Rusiya inkişaf edir, onun yüksək müdafiə qabiliyyəti var. Bəzi mövqelərə görə isə bizim göstəricilərimiz ABŞ-ı üstələyir. Asiya ölkələri də inkişaf edir.
Tərəfdaşlar bütün bunları anlayırlar, ona görə də Cenevrədəki görüş lazım idi. Digər tərəfdən, onlar öz mövqelərini qorumaq istəyirlər, buna görə də sanksiyalar və təxribatlar olur”.
Putin ümid edib ki, ABŞ-la da daxil olmaqla, münasibətlər normal məcraya qədəm qoyacaq. Rusiya Prezidenti ümid edib ki, Birləşmiş Ştatlar digər ölkələrə olan münasibətini dəyişəcək.

 

Xəbər real vaxt rejimində yenilənir.

 

Üç saatlıq efir

Ölkə başçısı ənənəvi olaraq sərbəst rejimdə Rusiya vətəndaşlarını narahat edən məsələlərlə bağlı suallara cavab verəcək. V.Putinin canlı yayımdakı çıxışı Rusiyanın "Birinci", "Rossiya1", "Rossiya 24", "NTV", "OTR", "Mir" telekanalları, eləcə də "Mayak", "Vesti FM" və "Radio Rosii" radiostansiyaları vasitəsilə translyasiya olunur. Putinlə birbaşa yayıma üç saat efir vaxtı ayrılıb.

İndiyə kimi prezidentə 545 min sual ünvanlanıb. Rusiya vətəndaşları bu sualları call-center (316 mindən çox), xüsusi mobil tətbiq (45 mindən çox), sayt vasitəsilə (51 mindən çox) və SMS yolu ilə (11 mindən çox ) göndəriblər.

Pandemiya, vaksinasiya kampaniyası və məhududlaşdırmalarla bağlı suallarla yanaşı, Rusiya vətəndaşlarını təhsil, xüsusən də, məktəblərin əlçatanlığı və yeni tədris ilinə hazırlıqla bağlı məsələlər də narahat edir. Eləcə də iqtisadiyyat, pensiya, Mənzil Kommunal Təsərrüfatı və yolların vəziyyəti barədə sualların üstünlük təşkil edəcəyi gözlənilir.

"Vasitəçilərsiz"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə birbaşa yayımın keçirilməsinin yeni formatı barədə məlumat verib. Onun sözlərinə görə, əsas diqqət vətəndaşların "vasitəçilərsiz", birbaşa prezidentə müraciət edə bildikləri mobil tətbiq vasitəsilə gələn suallara yönəldiləcək. Yəni, bu il studiya variantı olmayacaq.

"Bu mobil tətbiq ölkəmizin istənilən vətəndaşına faktiki olaraq telejurnalist və ya radiojurnalist kimi, arada heç bir vasitəçi olmadan öz sualını qeydə ala, ətraf dünyadan nə istədiyini ifadə edə və ya sualını yazılı formada göndərə bilər. İnsanlar birbaşa ölkə başçısı, öz prezidentləri ilə ünsiyyət yarada bilərlər", – deyə o vurğulayıb.

Prezidentin mətbuat katibi onu da qeyd edib ki, Putinin "bütün problemləri, ölkənin coğrafiyasını birləşdirən bütün mövzuların palitrasını görə bilmək imkanı olacaq".

Əvvəl necə idi?

Ötən il pandemiya səbəbindən ənənəvi formatda söhbət baş tutmamışdı, ancaq prezidentin 2020-ci ilin dekabrında keçirdiyi geniş mətbuat konfransında vətəndaşların ölkə başçısına bir neçə sual ünvanlamaq imkanı olmuşdu.

Sonuncu dəfə prezidentlə ənənəvi formatda canlı yayım 2019-cu ilin 20 iyununda keçirilmişdi. Həmin vaxt Rusiya prezidenti 4 saat 8 dəqiqə ərzində 81 suala cavab vermiş, ümumilikdə isə 1,5 milyon müraciət daxil olmuşdu.

Rusiya liderinin ölkə vətəndaşları ilə sözügedən formatda ünsiyyəti 2001-ci ilin sonlarında təşkil olunub. Həmin vaxtdan etibarən 2004 və 2012-ci illər istisna olmaqla, ardıcıl şəkildə hər il keçirilib. Bu müddət ərzində Vladimir Putin Rusiya vətəndaşları ilə 13 dəfə prezident kimi, 4 dəfə isə Baş nazir kimi canlı şəkildə ünsiyyət qurub.

Statistikaya əsasən, ölkə başçısına bir neçə yüz mindən (2001-ci ildə) bir neçə milyona qədər müraciət daxil olur. İlk beş canlı efir üç saatdan az çəkib, ancaq 2007-ci ildən etibarən proqramın müddəti üç saatı ötüb. Bu dövrə kimi ən uzun müddətli canlı yayım proqramı 2013-cü ildə baş tutub – 4 saat 47 dəqiqə.