CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Gələn mövsüm süfrələrimizdə Astara məhsulu olan naringini tapmaya da bilərik. Qeyri-sabit keçən hava şəraiti ilə yanaşı, bazar münasibətləri də sitrusçuların işini xeyli çətinə salıb.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Bu ilin əvvəlində astaralı sitrusçuların yetişdirdikləri naringiləri sata bilmədikləri haqda xəbər vermişdik. Astaranın Tüləgüvan kənd sakini Tural Hidayətov da anbarda saxladığı məhsulunu sata bilmədiyindən xeyli hissəsi çürümüşdü. Sputnik Azərbaycan-ın bölgə müxbiri T.Hidayətovun qalan məhsulunu necə satdığını və hazırda təsərrüfatında meyvələrin vəziyyəti ilə maraqlanıb.

"Ötən ilin dekabr ayında məhsulumuzu yığandan sonra naringinin qiyməti 1 manat-1 manat 20 qəpiyə qalxdı, sonra xarici bazarlardan, əsasən Gürcüstandan çox aşağı qiymətə naringi gətirilib daxili bazarlarda satılmağa başlandı. Paytaxt bazarlarında Gürcüstan naringisinin topdansatış qiyməti 1 manata, 90 qəpiyə satılmağa başlayandan sonra artıq bizdən meyvələri kənddə 80 qəpikdən istəyirdilər. Bu qiymət bizə sərf etmirdi, çünki bizim çəkdiyimiz xərcin yarısından da aşağı idi.

Biz sitrus ağaclarını il ərzində üç dəfə dərmanlayırıq, ağaclara peyin, mineral və üzvi gübrələr veririk. Hər bir dərmanlama prosesinə 1500-1800 manat pulumuz çıxır. Bəzi işbazlar xaricdən naringi gətirdiklərinə görə biz öz malımızı sata bilmirdik, yazda, Novruz bayramı ərəfəsində naringini sata bilsək də ziyan etdik. Xarici ölkədən Azərbaycana naringi idxal olunmazsa, daxili bazarlarda bizim yerli mala tələbat olacaq", - Hidayətov deyib.

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Fermer xatırladıb ki, Gürcüstandan naringini gətirib, bizim səbətlərə eyni ilə onlar yığdıqları kimi meyvələri yığaraq Astara naringilərinin adı ilə satırlar: "Biz də naringinin qiymətinin bahalaşmasını gözləyənə qədər məhsullarımız çürüyürdü. Mən bu il qışda anbara 30 tona yaxın naringi yığmışdım, ondan 12-13 ton məhsul cürüdü. Təxminən yarıya qədər itkimiz oldu, çəkdiyimiz əziyyətin bəhrəsini götürə bilmədik. Biz sitrusçular hər il məhsulumuzu Novruz bayramı ərəfəsində sata bilirdik. Orta hesabla 1,50 qəpik, 2 manata 30 ton məhsul satmalı idik. Amma bayrama kimi əlimizdə çox az məhsul qalmışdı. Əgər vaxtında məhsulumuzu yaxşı qiymətə sata bilsəydik, 30-35 min qazanc olardı, amma 10-12 min manat qazana bildik. Belə deyim də, qoyduğumuz xərcin heç yarısını çıxara bilmədik."

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Tural Hidayətov may ayından başlayan istilərin sitrus bağlarına ziyan vuracağını deyib:

"Bizim və ətraf kəndlərin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur və biz sitrusla dolanırıq. Təsərrüfatımda 350 ədəd tezyetişən karli sortu, 1000-ə yaxın yerli sort naringi ağacları var. 80 ədəd portağal, 60 ədəd kinkan və 100-ə yaxın feyxoa ağacları var. Bildiyimiz kimi, aprel ayı sitrus ağaclarının çiçəklənmə dövrüdür. Həmin ay ərzində də bölgəmizdə intensiv yağışlar yağdığından limon, portağal və naringi ağaclarının çiçəklərində qismən çürümə getdi və töküldü. Buna görə bu il həmin meyvələrin məhsuldarlığının aşağı olacağı gözlənilir.

Feyxoa ağaclarında isə vəziyyət yaxşıdır və bu il bol məhsuldarlıq olacağını düşünürəm. Baxmayaraq ki, artezian quyuları qazdırmışıq, isti yay aylarında artezian quyuları quruyur. Buna görə də təxminən 7-8 kilometr uzaqlıqda yerləşən çaydan əlavə su xətləri çəkdirmişik. Hal-hazırda bağımda damcılama üsulu ilə suvarma sistemi quraşdırmışam və bu sistemə 3-4 min manat xərcim çıxıb. Havalar çox isti keçsə, məhsuldarlıq çox aşağı olacaq, ağaclara suyu çatdıra bilmirik. Hələ sitrus ağaclarının dibini alaq otlarından təmizlətdirməliyik, diblərini yumşaltdırıb peyinləmək lazımdır. Bunların hamısı xərc tələb edir. Bütün bu işlərə pul xərcləyirik, lakin sonra qazanc götürmək çox çətin olur. Yenə də deyirəm, Azərbaycana xaricdən məhsullar gətirilməzsə, bizim məhsullar yaxşı qiymətə satılacaq".

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Təsərrüfat sahibi bildirdi ki, əvvəllər Astara sitrusçularının məhsulları Rusiyaya aparılırdı, son iki ildə Rusiya bazarları üçün məhsul alan yoxdur. Bu günə kimi də sifariş edən də olmayıb.

Aqrar sektorda böhran

Yay mövsümü başlayar-başlamaz Azərbayanda əkinçilik, xüsusən tərəvəzçiliklə məşğul olan fermerlərin problemləri də baş qaldırıb. 

"Pionerlər" - Göyçay fermerləri mayın 25-də Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyiblər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. 

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Gömrük problemləri səbəbindən Rusiya sərhədində yük maşınlarının yığılması məsələni bir qədər də qəlizləşdirdi. Həftələrlə davam edən tıxac iyunun 14-də aradan qaldırıldı. 

Bu günlərdə Şəmkirdən aldığımız xəbər isə pomidor təsərrüfatlarında əsl fəlakət yaşandığını göz önünə sərdi: burada hər fermer, demək olar ki, hər gün 1-2 ton tomatı zibilliyə tullayır. 

Yerli bazarda mallarını sata bilməyən təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildiriblər. “Qiymət aşağıdan da aşağıdır. Lakin yenə alıcı yoxdur. Alanlar da onu satıb xeyir qazana bilmirlər ki, yenə gəlib alsınlar. Biz özümüz də bazarlara çıxara bilmirik. Ən yaxşı malı 10 qəpiyə zorla satırıq. O da heç dərmanın pulunu çıxarmır. Bir az Rusiyaya aparıldı. Orada da qiymət həddən artıq ucuzdur. Göndərilən malın yalnız kağızının, yeşiyinin pulunu çıxarmaq olur. Ya da günlərlə qalır sərhəddə, keçə bilmir. Mal maşında xarab olur. Bu saat hamı müflis olmaq vəziyyətindədir. Sonu da bilmirik nə olacaq”, - sahibkar Vahid Əsgərov deyib.

"Maya qazancı da yeyir" - hava ilə xarici bazarlar fermerlərimizin qəsdinə durub

Kartof əkənlərin də bu il bəxti gətirmir. Tovuzlu fermerlər məhsulun bol olmasına rəğmən, hələ ki üfüqdə alıcıların görünməməsindən şikayətçidirlər.

Eləcə də oxuyun: