Budəfəki səfərimiz Ağdam şəhərində yerləşən Pənahəli xanın İmarətinədir. Bu məkan da ermənilər tərəfindən təhqir edilərək, vandalizmə məruz qalıb. Belə ki, işğalda olduğu müddətdə ermənilər İmarətdən tövlə kimi istifadə ediblər.
Xan sarayının yaxınlığında yerləşən qəbiristanlıqda da erməni vəhşiliyinin izləri açıq-aydın görünür. Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir. Amma təəssüf ki, 30 ilə yaxın işğal dövründə bütün sadaladığımız abidələr erməni vandallığına məruz qalıb. Tarixçi Fəqani Səfərov Sputnik Azərbaycan-ın müxbiri Emin Babayevə bildirib ki, bu, ermənilərin işğal prosesi dövründə Ağdamda yaratdığı vandalizm siyasətinin nəticəsidir.
Bu mənzərə ermənilərin bəşər tarixində mövcud olan ən dəhşətli vandallığı törətdiyini bir daha sübut edir: “Biz tarixə nəzər salırıq. Görürük ki, heç bir müharibədə bu qədər dağıdıcılıq olmayıb. Hətta İkinci Dünya müharibəsində belə, adı ilə vahimə yaradan faşizm, belə bir dağıdıcılıq, vandal hərəkətlər etməyib. Ermənilər bizim tarixi abidələrimizi yerlə yeksan ediblər. Bu, böyük tarixi cinayətdir”.
Müsahibimiz erməni vandallığına məruz qalan Qarabağ xanlığının başçısı Pənahəli xanın İmarətinin tarixindən də danışıb. O qeyd edib ki, Pənahəli xanın dövründə XVIII əsrin ikinci yarısında inşa olunan İmarətdə vaxtilə karvansaralar və yaşayış binaları olub:
“Sonradan Pənahəli xan 1763-cü ildə dünyasını dəyişdikdən sonra burada dəfn olunub. Pənahəli xandan sonra hakimiyyətə gələn onun oğlu İbrahimxəlil xan bu imarət kompleksində əlavə işlər görüb. Ümumiyyətlə xan ailəsinə məxsus şəcərə dünyasını dəyişdikdən sonra hamısı burada dəfn olunub”.
Tarixçi Fəqani Səfərov deyir ki, yaxın gələcəkdə İmarət adlanan dağıdılmış bu yer nəinki əvvəlki vəziyyətinə qaytarılacaq, ondan da abad bir vəziyyətə gətiriləcək. Bura yenə də ağdamlılar üçün ziyarətgah olacaq.
Ermənilər tərəfindən dağıdılaraq məhv edilən növbəti dini-tarixi abidəmiz, 1890-cı ildə inşa olunan Qiyaslı kənd məscididir. Bu məscid memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Tarixçi Fəqani Səfərov deyir ki, Qiyaslı məscidi XVIII əsrə aid şərq memarlıq üslubunda tikilib. Bu məscid Qarabağ xanlığı dövründə tikilən ən böyük məscidlərdən biridir:
“Ancaq bu gün biz erməni vandalizminin izlərini burada görürük. Ermənilər dini-tarixi abidələrə də hörmət qoymayıb. Erməni vandalları burada heyvan saxlayıblar. Daha sonra da buranı dağıdıb yandırıblar. Azərbaycan həmişə öz ərazisində yaşayan etniklərə hörmətlə yanaşıb, erməni kilsəsini, erməni qəbiristanlığını da qoruyub saxlamışdır. Ancaq biz bu gün bir daha erməni vandallığının izlərini dini-tarixi abidələrimizin üzərində gördük”.
Qeyd edək ki, may ayının 28-də Ağdamda səfərdə olan Prezident İlham Əliyev ərazidə erməni vandalizminə məruz qalan bütün abidələrin bərpa olunacağını bildirib.