Bəzi sahələrdə tariflər dəyişdi: Bəs əhaliyə satılan işığın qiymətində nə baş verib?

Tarif Şurası qərar verdi. Azərbaycanda qeyri-əhali qrupu üzrə bəzi sahələrdə elektrik enerjisi tarifləri dəyişib.
Sputnik

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib.

Tarif Şurasından Sputnik Azərbaycan-a verilən məlumata görə, "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılıb və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilib:

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) 7,3 qəpik (əvvəlki qiymət 5,8 qəpik), gecə vaxtı (saat 22:00-dan 08:00-dək) 3,5 qəpik (əvvəlki qiymət 2,8 qəpik).

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilib.

Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.
Qeyd edək ki, bu qərarın əhali qrupuna aidiyyəti yoxdur.

Həmçinin oxuyun: 

* Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında

* Azərbaycanda işığın qiymətləri dəyişdi - gecə-gündüz tarifləri müəyyənləşdirildi

* Elektrik stansiyalarına verilən təbii qazın da qiyməti qaldırıldı