Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artistinin səhhəti yaxşılaşıb

Məşhur müğənni onkoloji xəstəlikdən əziyyət çəkir. O, daha əvvəl aprel, may və iyunun əvvəllərində Türkiyədə əməliyyat olunmuşdu.
Sputnik

BAKI, 29 iyun — Sputnik. Xərçəng xəstəliyindən əziyyət çəkən və Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayevin səhhəti qaydasına düşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Onun sözlərinə görə, Türkiyədə üç dəfə əməliyyat olunan ifaçı xəstəliyə qalib gəlib və bu gün Azərbaycana qayıdır: "O qədər sevincliyəm ki. Mən axı hər ağızda bir dua var demişdim. Mən axı xalqın alqışı sənətkarını xilas edəcək deyə, inanmış̧dım. Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə olaraq sevincdən ağladı. Çünki mənim qardaşım, dostum - Azərbaycan Respublikasının Xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah.

Allahın köməkliyi ilə, tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Mən bilirəm o xəstəxana çarpayısı nə deməkdir. Mən bilirəm, o həkimlərin sözlə dolu gözlərinə baxmaq nə deməkdir. Nə deməkdir saatlarla reanimasiya qapısında, cərrahiyyə qabağında gözləmək. Və bütün bunlardan insanı bir şey xilas edir: dua və inam. Elə Ağadadaş Ağayev də inanırdı. İnanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına. Elə mən də inanırdım. Özü də çox inanırdım. Budur, qardaşım qayıdır. Vətənə, ailəsinə, səhnəyə".

Qeyd edək ki, məşhur müğənni onkoloji xəstəlikdən əziyyət çəkir. Xalq artisti bundan öncə, aprel, may və iyunun əvvəllərində Türkiyədə əməliyyat olunmuşdu.

Ağadadaş Ağayev kimdir?

Ağadadaş Ağayev 10 yanvar 1956-cı il Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983). 

1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 

1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. 

Azərbaycanın Əməkdar (1998) və Xalq artistidir(2006), 4 oğlu (Kamil, Səbuhi, Seymur, Həmid) 1 qızı (Leyla) var.