Toyda oynayanda maska taxmaq lazımdır, ya yox? DİN aydınlıq gətirdi

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev toyda oynayarkən maska taxmaqla bağlı ictimaiyyətdə yaranan anlaşılmazlığa münasibət bildirib.
Sputnik

BAKI, 29 iyun — Sputnik. 50 nəfərlik toylarda oynayarkən maska taxmaq zəruri deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Qurum rəsmisi bildirib ki, 50 nəfərə qədər tədbirlərdə, yəni, toy, nişan, ad günü və digər mərasimlərdə tibbi maska tələbi mütləqdir:

"Həmin mərasimlərdə COVİD pasportu və immunitet sertifikatı tələb olunmadığına görə, mütləq qaydada tibbi maskadan istifadə edilməlidir. Çünki həmin məkanda yoluxma riski yüksəkdir, orada COVİD daşıyıcıları ola bilər. Bütün bu ehtimallar, eləcə də ÜST və digər ölkələrin təcrübəsi nəzərə alınaraq belə bir qərar verilib ki, vətəndaşlarımızı maksimum dərəcədə bu təhlükədən qoruyaq. Hər birimiz ciddi qaydada bu tələblərə riayət etməliyik. 50 nəfərdən 150 nəfərə qədər olan mərasimlərdə isə maska tələbi yoxdur. Çünki məkana daxil olan şəxs mütləq qaydada nəzarətdən keçir və COVİD pasportunu göstərir".

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla). 50-150 nəfərlik mərasimlərdə qaydalara riayət olunmasının monitorinqi Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub.